Qarabağda bir sıra sosial və mədəni-tarixi əhəmiyyətli obyektin bünovrəsi qoyulub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa və Füzuli şəhərlərinə səfərləri çərçivəsində bir sıra sosial və mədəni-tarixi əhəmiyyətli obyektin bünovrəsini qoyublar və tikinti işləri ilə tanış olublar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlət başçısı xanımı ilə birgə Şuşada Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olublar. Şuşa şəhəri 1992-ci ilin mayında işğal edildikdən sonra bir çox tarixi yerlərlə bərabər bu məktəb də erməni vandalları tərəfindən yandırılaraq xarabazara çevrilib.

Təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.

Fəaliyyətə 1881-ci il sentyabrın 20-də başlayan Şuşa Realnı Məktəbi həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə bütün Cənubi Qafqazda seçilən təhsil ocaqlarından biri idi. Əvvəlcə 6 sinifdən ibarət olan və 159 şagirdi qəbul edən məktəbin Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusuf bəy Məlikhaqnəzərov kimi pedaqoqları, İsmayıl bəy Səfibəyov, Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov, Xan Şuşinski kimi parlaq yetirmələri olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər çərçivəsində şəhərdə inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Kompleksin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün transformator yarımstansiyası da quraşdırılacaq. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Burada yaradılacaq idman meydançasının sahəsi 540 kvadratmetr olacaq.

Dövlətimizin başçısı Füzuli şəhər Peşə Liseyinin təməlini qoydu.

Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.

Şuşa şəhərində Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma şəhərdəki inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verdi.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşadakı Şirin su hamamında aparılan bərpa işləri ilə tanış oldular.

Prezidentin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, tarixi Şirin su hamamında bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri qədim mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Qədim Şuşanın 17 məhəlləsinin hər birində hamam, məscid və bulaq olub. Şəhərin Mərdinli məhəlləsində yerləşən Şirin su hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunub. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi içməli şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam Şirin su hamamı adlandırılıb. 1986-cı ildə aparılan ölçü işlərindən sonra memar Ədalət Məmmədov tərəfindən hazırlanan layihə üzrə abidədə əsaslı bərpa-təmir işləri görülüb. Şirin su hamamı 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər bütün abidələrimiz kimi bu qədim hamam da ermənilər tərəfindən dağıdılıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub.

Qeyd edək ki, 1846-cı ildə Şuşada anadan olan Sadıqcan Azərbaycanın tanınmış tarzənlərindən biridir. O, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib. Sadıqcan, eyni zamanda, istedadlı bəstəkar idi. O, “Orta Segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşada yeni inşa olunacaq məscid kompleksinin layihəsi barədə də məlumat verilib, məscidin layihəsi üzrə işlər başa çatıb və inşaat işlərinə başlanılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Şuşada Mehmandarovların malikanə kompleksində də Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri davam edir.

İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Hazırda digər bərpa işləri aparılır.

Kompleksin həyətində bulağın bərpası yekunlaşıb, landşaft işlərinə hazırlıq görülür.

Leave a Reply