Ölüm hallarının 71%-nin səbəbi qeyri-infeksion xəstəliklərdir

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransı keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 17 may – Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı mətbuat konfransını giriş sözü ilə İSİM-in direktor müavini Rahib Məmmədov açıb: “Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 41 milyon insan məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib. Bu, qeydə alınan bütün ölüm hallarının 71 faizi deməkdir. Bu xəstəlikləri yaradan əsas səbəblər isə zərərli vərdişlərdir, tütünçəkmədir, spirtli içkilərdən sui-istifadədir, qeyri-sağlam qidalanma və fiziki passivlikdir”.

O vurğuladı ki, müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin prioritet vəzifələrindən birinə çevrilib: “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2 fevral 2021-ci il tarixdə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas məqsədi ölkəmizdə həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına, əhalinin orta ömür müddətinin artımına, vətəndaşların uzun ömürlü olmasına və sağlam həyat tərzinin təmin edilməsinə nail olmaqdır”.

R.Məmmədov səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparıldığını, insanlara öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağın təbliğ olunduğunu qeyd edib.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov qeyri-infeksion xəstəliklərin müasir dövrün, cəmiyyətin problemi olduğunu nəzərə çatdırdı: “Müasir insanlar, xüsusən inkişaf etmiş ölkələrin sakinləri bu gün zərərli vərdişlərə meyl göstərir, doğru qidalanmır və ən başlıcası isə, az hərəkət edirlər. Ona görə də bununla bağlı tək səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi deyil, eyni zamanda əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Bu kampaniyanın da əsas məqsədi insanlara tövsiyə etməkdir ki, həyat tərzlərini dəyişsinlər, qan təzyiqinə, qanda şəkərin səviyyəsinə nəzarət etsinlər”.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov təəssüflə bildirib ki, qeyri-infeksion xəstəliklər son illərdə bütün ölkələrdə və o cümlədən Azərbaycanda ən çox xəstələnmə, ölüm və əlilliklə nəticələnən xəstəlikdir: “Amma bu xəstəliklərin qarşısı almaq mümkündür. Qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərən risk amillərini aradan qaldırmaqla və sağlam davranışı formalaşdırmaqla onların yükünü azaltmaq olar”.

Servye Azərbaycan şirkətinin direktoru Rişad Təhməzov vurğulayıb ki, arterial hiprertenziya bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılıb: “Baxmayaraq ki, yüksək qan təzyiqi ölüm riskləri arasında ən birincidir, bu problemə hələ də əhali tərəfindən lazımi diqqət yetirilmir. Məhz bu məqsədlə Beynəlxalq Hipertenziya Cəmiyyəti tərəfindən təşəbbüs irəli sürüldü və “Çünki belə lazımdır” şüarı ilə dünya ölkələrində təbliğat kampaniyasına başlandı. Burada əsas məqsəd əhalini arterial hipertenziya xəstəliyi və bu xəstəliyin mümkün ağırlaşmaları haqqında maarifləndirmək, qan təzyiqinin ölçülməsinin əhəmiyyətini vurğulamaqdır”.

Sonda kütləvi informasiya vasitələrinin sualları cavablandırıldı və iştirakçılara qeyri-infeksion xəstəliklərin profilaktikası istiqamətində İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanıldı.

Leave a ReplyCancel reply