Azərbaycan kinosunda mürəkkəb kişi obrazları yaratmış aktyorun yubileyidir

“Sənətdə ilk müəllimim Məmmədrza Şeyxzamanov olub. Onun təkidi, qayğısı nəticəsində peşəkar səhnəyə addım atmışam. Amma özümdən böyük başqa sənət yoldaşlarımın, çalışdığım kollektivin, rejissorların da əməyini dana bilmərəm. Mənim yüksəlməyimdə, tanınmağımda onların da özünəməxsus rolu olub” deyən teatr və kino aktyoru, Xalq artisti Ələddin Abbasovun 100 ilik yubileyidir.

TIME bildirir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı Ələddin Abbasovun 100 ilik yubileyi ilə bağlı hazırladığı məqalədə Xalq artistinin həyat və fəaliyyətindən maraqlı məqamlar haqda bəhs edilib.

Ə.Abbasov 5 may 1922-ci ildə qədim Gəncə şəhərində dünyaya göz açıb. Sənətə olan həvəsi onu 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına gətirib. İkiillik teatr təhsili aldıqdan sonra teatrın repertuarındakı tamaşalarda kütləvi səhnələrdə çıxış etməyə başlayıb. 1939-cu ildən peşəkar aktyor kimi həyatını bütünlüklə Gəncə Dövlət Dram Teatrına bağlayıb. Onun yaradıcılığı romantik və realist aktyor məktəbinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmi olan aktyor lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını bacarıqla oynayıb.

Ələddin Abbasov yüzə yaxın personaja səhnə ömrü verib. “Aydın”, “1905-ci ildə”, “Almaz”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən” və “Mənim günahım”, “Kəllə”, “Demoklin qılıncı”, Otello”, Namus”, “Azmış oğul”, “Üç qəpiklik opera”, “Anacan”, “Komsomol poeması”, “Bahar”, “Qatır Məmməd”, “Araba hələ aşmayıb”, “Qaçaq Nəbi”, “Antiqona”, “Şeyx Sənan”, “Səyavuş”, “Maral”, “Fərhad və Şirin”, “Vaqif”, “Böyük ürək” və s. tamaşalarda əsas rolları yaradıb.

O, səhnəyə gəlişini xatırlayarkən deyirdi ki, sənətə 1938-ci ildə gəlib: “Səhnə fəaliyyətim Gəncə Dram Teatrından başlayıb. Burada bir neçə il yardımçı heyətdə işlədim. Sonra məni aktyor qrupuna qəbul etdilər. O zamanlar Gəncədə Yüngül Sənaye Texnikumunda oxuyurdum. Gəncə Dram Teatrında məşhur bir aktyor vardı – Məmmədrza Şeyxzamanov. O, bizim dərnəyimizin rəhbəri idi. Biz dərnəkdə Cəfər Cabbarlının “1905-ci ildə” əsərindən parçalar hazırlayası olduq”.

Müxtəlif xarakterli dramatik və komik rolların öhdəsindən bacarıqla gələn, peşəsində amplua anlayışı olmayan aktyor əyalət teatrları içərisində repertuar zənginliyi və peşəkar aktyor məktəbi ilə seçilən Gəncə Dram Teatrının inkişafında da böyük rol oynayıb.

Aktyor eyni vaxtda kinoya da dəvət olunub. “Dəli Kür”(Cahandar ağa), “Mən ki, gözəl deyildim” (İmran), “Özgə vaxt” (Ata), “Qatır Məmməd” (Məşədi Göyüş), “Bizi dağlarda axtarın”, “Dörd bazar günü”, “Gözlə məni”, “Xatirələr sahili”, “İşarəni Dənizdən Gözləyin”, “Köhnə bərə”, “Koroğlu”, “Qətl günü”, “Qocalar, qocalar”, “Məkanın melodiyası”, “Nizami”, “Od içində”, “Səmt küləyi”, “Torpaq. Dəniz. Od. Səma” və s. filmlərdə xarakterik obrazlar oynayıb.

Kinoda debüt işi görkəmli rejissor Hüseyn Seyidzadənin 1960-cı ildə quruluş verdiyi “Koroğlu” filmilə başlayıb. Əfsanəvi qəhrəman Koroğlu haqqında eyniadlı məşhur xalq dastanının motivləri əsasında çəkilən ekran variantında qəhrəmanın Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən danışılır.

Ə.Abbasov filmdə səfir rolunu oynayıb. Səfir epizodik rol olmasına baxmayaraq maraqlı və yaddaqalandır.

1967-ci ildə Anarın ssenarisi əsasında Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq. Dəniz. Od. Səma” filmi 4 novella-mahnıdan ibarətdir: torpaq, dəniz, od , səma. Novellaların adları rəmzi məna kəsb etdiyi kimi, filmdəki kiçik kənddə bir-birinin davamı olan və bir-birini əvəz edən 4 nəslin də müxtəlif dövrlərlə əlaqədar talelərinin rəmzi mənası vardır. Aktyorun filmdə yaratdığı Əli obrazı halal zəhməti ilə yaşayan, övladına həyatını düzgün istiqamətləndirməsi üçün örnək ola bilən qətiyyətli bir xarakterik obrazdır. Əlinin hadisələri düzgün şərh etməsi, düzgün nəticə çıxarması nəticədə oğlunun da cəmiyyətin sağlam sakini kimi yetişməsinə səbəb olur.

Yeri gəlmişkən, Ə.Abbasov teatrda müxtəlif səpgili rollar oynamasına baxmayaraq kinoda sadəcə dramatik rollar yaradıb ki, bu da onun həyatda ciddi xarakterli olması ilə əlaqədardır.

1968-ci ildə Bayram Bayramovun ssenarisi əsasılnda Tofiq Tağızadənin çəkdiyi “Mən ki, gözəl deyildim” filmində Səidə adlı gənc qızın həyatından bəhs olunur. II Dünya Müharibəsi illərində kənd həyatında olan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin ağrı-acısı, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olan insanların gələcəyə olan ümid dolu baxışları ekran əsərində öz əksini tapır. Filmin ilk kadrlarında Səidənin atasını cəbhəyə yola saldığını və bir neçə dəfə onun məktubları ilə dərdləşdiyini görürük. Ə.Abbasovun filmdə oynadığı İmran obrazının timsalında qəddini dik tutub elini-obasını, əzizlərini düşməndən xilas etmək üçün cəbhəyə tələsən azərbaycanlı kişisinin məğrurluğunu görür, ön cəbhədə vuruşan azərbaycanlıların şücaətini onun məktubları vasitəsilə öyrənirik. Bu rol kiçik olsa da, peşəkar aktyorun yaratdığı nakam ata obrazının nisgili film boyu tamaşaçını müharibənin qəddar qanunlarına nifrət etdirir, vətəninə layiqli insan kimi milyonlara örnək olur.

1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı əsəri əsasında yazdığı “Dəl Kür” ssenarisinə görkəmli rejissor Hüseyn Seyidzadə quruluş verir. Ekran əsərində keçən əsrin əvvəllərində Azərbaycan ziyalılarının formalaşmasından, onların fəaliyyətindən, ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət açılır.

Ələddin Abbasov filmdə əsas obrazı-Cahandar ağanı yaradıb. Aktyorun xatirələrinə nəzər salaq: “Günlərin birində Bakıdan mənə teleqram vurdular ki, təcili kinostudiyaya gəl, getdim. Sən demə, “Dəli Kür”ün çəkilişinə başlayırlarmış, Cahandar ağa rolunda ilişib qalıblar. Beş-altı aktyoru sınaq çəkilişinə dəvət ediblər, heç biri alınmayıb, Kinostudiyanın direktoru Adil İsgəndərov filmin rejissoru Hüseyn Seyidzadəyə deyib ki, Gəncə teatrında Ələddin adlı bir aktyor var, onu da çağırıb yoxlayın. Rejissor məni görüb şübhə ilə çiynini çəkdi. Adil müəllim “Qada, siz bir yoxlayın” dedi. Geyindirdilər, qrim elədilər və Cahandar ağanın oğlu ilə qarşılaşması səhnəsini çəkdilər. Güllə ilə oğlunun xəncərini vurduğu yeri. Bir neçə dəqiqəlik səhnə idi. Rejissorun otağında oturub çəkilişin nəticəsini gözləyirdik. Birdən İsmayıl Şıxlı içəri girdi. “Ay Hüseyn, Cahandarın axırı nə oldu? Rejissor fərəhlə tapmışıq, deyib məni göstərdi. İsmayıl müəllimin ağlı bir şey kəsmədi, inamsız xəbər aldı: “Budur Cahandar ağa?” “İsmayıl müəllim, tələsmə, gəlin çəkdiyimiz epizoda baxaq, sonra danışarıq”. Epizoda baxdıq. Çox uğurlu alınmışdı. İsmayıl müəllim sevinclə əlimi sıxdı:  “Bu ki, əsl Cahandar ağa imiş”. Film çəkilib qurtarandan sonra Gəncəyə döndüm. Bir müddətdən sonra dublyaj üçün Bakıya çağırdılar. Teatrda işlərin qızğın vaxtı idi. Hər axşam tamaşa göstərirdik. Baş rolları da mən oynayırdım. Getsəydim, tamaşalar dayanmalı olacaqdı. Odur ki, Həsənağa Salahovla danışdıq, rolu o səsləndirdi. Səsimizin ahəngi, tembri də çox oxşayırdı. Dublyaj uğurlu alınıb. Çox adam hələ də elə bilir ki, mənim səsimdir”.

Milli kinomuz Cahandar ağa rolu ilə Ələddin Abbasovun ifasında çox dəyərli bir ekran qəhrəmanı qazanır və bamayaraq ki, filmin çəkilişindən 50 ildən artıq vaxt keçir, ancaq daima baxılır və onun qəhrəmanı ekran məğrurluğunu, qətiyyətini, hətta liderliyini daima qoruyub saxlayır.

O, bir sənət fədaisi idi, sənətə günəş kimi doğmuşdu…Gəldi, yüzlərlə obraz ifa etdi, öz dəst-xəttini yaratdı və getdi…Ardınca müxtəlif taleli obrazlar buraxaraq səhnə ilə vidalaşdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma