Mərkəzi Bank maliyyə bazarı ilə bağlı proqnozlarını açıqlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində saxlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ötən toplantıdan bəri illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımları ölkə iqtisadiyyatına inflyasiya idxalını sürətləndirsə də, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, nominal effektiv məzənnənin isə möhkəmlənməsi bu idxal inflyasiyasını əhəmiyyətli məhdudlaşdırır. Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti qərarları və hökumət tərəfindən qəbul olunan antiinflyasiya tədbirlərinin həyata keçirilməsi də inflyasiyaya məhdudlaşdırıcı təsir edir. Digər tərəfdən 2022-ci ilin sonuna pul təklifinin artım proqnozunun aşağıya doğru təshih edilməsi kəmiyyət amilləri hesabına monetar şəraiti sərtləşdirməklə inflyasiyaya azaldıcı təsir göstərir və pul siyasətinin dəyər baxımından əlavə sərtləşdirilməsinə zərurəti azaldır.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qlobal iqtisadiyyatda meyillər, ölkə iqtisadiyyatının və maliyyə bazarlarının bu meyillərə reaksiyası, inflyasiya proqnozunun faktla müqayisəsi nəzərə alınmaqla qəbul ediləcəkdir.

İnflyasiya prosesləri. Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Rəsmi statistikaya görə 2022-ci ilin martında ötən ilin eyni ayına nəzərən qiymətlərin ümumi səviyyəsi 12.1% artmışdır. Aylıq inflyasiya isə 1.1% olmuşdur. Martda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 16.8%, qeyri-ərzaq məhsulları 6.6%, xidmətlər isə 10% bahalaşmışdır.

Dünya birjalarında əmtəələrin bahalaşmaqda davam etməsi dünyada inflyasiyaya təsir göstərməkdə davam edir. Dünya Bankının məlumatına görə martda dünya əmtəə qiymətləri enerji məhsulları ötən ilin eyni ayına nəzərən 2 dəfədən çox, qeyri-enerji məhsulları üzrə isə 31.7% yüksəlmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri təkcə mart ayında 12.6%, son bir ildə isə 33.6% artmışdır. Bütün bunlar tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi ilə müşayiət olunsa da, nominal effektiv məzənnənin möhkəmlənməsi inflyasiya idxalını əhəmiyyətli məhdudlaşdırır.

Ötən iclasdan bəri ev təsərrüfatlarının inflyasiya gözləntilərində azalma müşahidə edilmişdir. İnflyasiyanın daha da artacağını gözləyən ev təsərrüfatlarının payı cari ilin I rübündə 24.5% təşkil etmişdir ki, bu da bundan əvvəlki rübdəki 28.6%-dən azdır.

Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır.

Xarici sektor. Geosiyasi vəziyyətin qlobal iqtisadi mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklər yüksək qalsa da, tədiyə balansının profisitli olacağı proqnozlaşdırılır.

Ötən iclasdan bəri Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri yüksək olaraq qalmışdır. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 100 ABŞ dollarını üstələmişdir. Digər mühüm ixrac məhsulu olan qazın qiyməti də yüksək səviyyədə qalmaqdadır. Beynəlxalq təşkilatlar enerji daşıyıcılarının, o cümlədən neftin cari ilə proqnoz qiymətini artırmaq istiqamətində təshih edirlər.

İxrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi və qeyri-neft ixracının artmaqda davam etməsi tədiyə balansının cari əməliyyatlar hesabında profisiti artırır. Bu da ölkənin strateji valyuta ehtiyatlarının artmasına və valyuta bazarında tarazlığın dəstəklənməsinə şərait yaradır.

İqtisadi fəallıq. Ölkədə iqtisadi fəallıq inflyasiya yaratmadan davam edir və iqtisadi artımın perspektivləri ilə bağlı gözləntilər nikbindir.2022-ci ilin I rübündə ümumi daxili məhsul real ifadədə 6.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artmışdır. İqtisadi artım qeyri neft-qaz sənayesində 16.4%, kənd təsərrüfatında 3.4%, tikintidə 5.6% olmuşdur.

İqtisadi artım başlıca olaraq daxili tələb hesabına dəstəklənir. 2022-ci ilin I rübündə ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3.1%, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5.2% artmışdır. Bu dövrdə qeyri-neft investisiyalarının artımı 10.1% təşkil etmişdir.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə biznes inam indeksi martda əvvəlki ayla müqayisədə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında yüksəlmişdir. Martda qeyri-neft sənayesi üzrə istehsal gözləntiləri, ticarətdə satış gözləntisi və xidmətdə tələb gözləntisi də əvvəlki aya nəzərən yüksəlmişdir.

Geosiyasi və geoiqtisadi vəziyyətin qlobal mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklərə baxmayaraq beynəlxalq təşkilatlar və başlıca analitik mərkəzlər də cari ildə Azərbaycanda iqtisadi artımın davam edəcəyini proqnozlaşdırırlar.

Monetar şərait. Monetar şərait pul siyasəti qərarlarının, habelə xarici mühitdə və fiskal sektorda gedən proseslərin təsiri altında formalaşmaqla inflyasiyaya azaldıcı təsir göstərir.

Valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amil kimi çıxış etməkdə davam edir.

Monetar şəraiti formalaşdıran digər göstərici manatla pul bazası, profisitli dövlət büdcəsi şəraitində 2022-ci ilin ötən dövründə 7.2% azalmışdır. 2022-ci ilin sonuna pul bazasının artım proqnozu azalma istiqamətində təshih edilmişdir ki, bu da inflyasiyaya azaldıcı təsir göstərəcəkdir.

2022-ci ilin I rübündə bank sistemi üzrə kredit portfeli 5.2% artmışdır. Bu dövrdə maliyyə sektorunun depozitləri çıxılmaqla əmanət və depozitlərin məbləği 3.9% artmışdır.

Ötən iclasdan bəri kredit və depozit faizlərində, eləcə də milli valyutada risksiz alətlər bazarındakı faizlərdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.

Risklər balansı. İnflyasiyanın risk balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik olmamışdır.

Geosiyasi və geoiqtisadi gərginliyin daha uzunmüddətli xarakter alması başlıca risk olaraq qalır. Bu, dünyada inflyasiya təzyiqlərinin yüksək olaraq qalmasına səbəb ola bilər. Tərəfdaş ölkələrdə yüksək qiymət artımları və təchizat zəncirindəki problemlər idxal üzərindən Azərbaycana təsir edə bilər. Monetar şərait, o cümlədən manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amildir. Valyuta bazarındakı tarazlıq profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi çərçivə ilə dəstəklənir. 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında profisitin artması ehtimalı yüksəlmişdir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir.

Bu qərar 29 aprel 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il iyun ayının 17-də veriləcəkdir.

Leave a Reply Cancel reply