“Azərsun Sənaye Parkı”nda yanğın söndürülüb, yaralılanlar var

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın səhər saatlarında söndürülüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

TƏBİB-dən verilən məlumata əsasən, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

Yanğınla əlaqədar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb, onlardan 7 nəfər ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxmışlar. 

Ilkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.

Hadisənin baş vermə səbəbləri və  dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçirilir.

Leave a Reply Cancel reply