Sənaye Parkında daha 2 rezident qeydiyyata alınıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yeni rezident “Metkons” MMC Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalını nəzərdə tutan zavod inşa edəcək. İnvestisiya dəyəri 1,9 milyon manat olan layihə çərçivəsində 45 daimi iş yeri açılması nəzərdə tutulur.

Ağdam Sənaye Parkının digər yeni rezidenti “Prof-Dam” MMC tərəfindən dam örtüklərinin istehsalı layihəsi həyata keçiriləcək. Sənaye Parkının 2 hektar ərazisində inşa ediləcək müəssisədə qabaqcıl texnologiyaların tətbiqi ilə profilli metal təbəqə, metal plitə və sendviç panellər istehsal ediləcək. İnvestisiya dəyəri 7 milyon manatdan çox olan müəssisədə 40 nəfər daimi işlə təmin ediləcək.

Hər iki müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərimizin bərpasında da istifadə ediləcəkdir.

Leave a Reply Cancel reply