Səhiyyə naziri pandemiyanın bitməsi, hepatit sıçrayışı, dərman təminatı və transplantasiya təşkili haqda nə deyib?

Azərbaycan səhiyyə naziri Teymur Musayev ölkə ictimaiyyətini narahat edən və gündəmdə olan bir neçə məsələ ilə bağlı jurnalistlərə açıqlama verib. Açıqlamalarda pandemiyanın bitməsi vaxtı və uşaqlar arasında hepatit virusunun yayılması məsələlərinə aydınlıq gətirilib.

TIME bildirir ki, səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib ki, kollektiv immunitet qazanılacağı halda pandemiyanın sona çatması mümkündür.

“Koronavirusa qarşı peyvəndlərin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur. Kollektiv immunitet qazanılacağı halda pandemiyanın sona çatması ehtimalı var. Payız aylarına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa ola bilsin ki, COVİD 19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”, – deyə nazir qeyd edib.

Səhiyyə naziri Teymur Musayev dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasınada münasibət bildirib.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlıq yoxdur:

“Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”, – deyə nazir vurğulayıb.

Bununla yanaşı, T. Musayev Nazirlər Kabineti nəzdində dərmanlarla bağlı xüsusi komissiyanın yaradıldığını və onun işinin yekunlaşmaq üzrə oduğunu qeyd edib.

Nazir bildirib ki, həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq.

“Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinə dair müəyyən dəyişiklikər olacaq”, – deyə nazir əlavə edib.

Nazir Azərbaycanda transplantasiya ilə bağlı Koordinasiya Mərkəzinin yaradıldığını da bildirib: “Hazırda mərkəzdə quruculuq işləri gedir. Yaxın dövrdə həmin mərkəzin açılışı olacaq”.

Leave a Reply