Polis əməkdaşına zor tətbiq edilməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

Aprelin 27-i saat 16 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində  rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.


TIME rəsmi mənbəyə istinadən bildirir ki, araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə Bığır kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaratmış, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin  polis sahə rəisi  Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq həmin lövhənin bir hissəsi ilə sonuncuya vurması nəticəsində Şahin Xalidov yüngül xəsarət almışdır.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Nursoltan Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Cinayət işi üzrə istintaq davam edir.

Leave a Reply