Gülbəniz Əzimzadə: Kino mənim məhəbbətim, arzum, həyatımdır…

“Kino mənim məhəbbətim, arzum, həyatımdır…” deyən rejissor, Əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadənin bu günlərdə ad günü olub.

TIME Azərbaycan Kinematoqrafçılar İttifaqının məqaləsinə istinadən bildirir ki, G.Əzimzadə 26 aprel 1947-ci ildə Bakıda dünyaya göz açıb. 1963–1968-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. 1969–1974-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. Sənətin sirlərini professor İqor Talankindən öyrənib. 1974–1998-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rejissor kimi faliyyət göstərib. 1994-cü ildə “Sinema-lümyer” kino klubunu yaradaraq bir çox maraqlı kinolayihələr həyata keçirib.

Fəaliyyəti dövründə “Avqust gələndə”, “İmtahan”, “Qətl günü”, “Müqəddəs oda yanaram”, “Ötən ilin son gecəsi”, “Ümid”, yazıçı Anarla çəkdiyi “Dantenin yubileyi” və s. dəyərli sənət nümunələrinə quruluş verib.

Onun ilk ekran işi Xalq yazıçısı Rütəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Nəğmə dərsi”(1974) qısametrajlı bədii filmdir. Filmdə şəxsi həyatı müvəffəqiyyətsizliyə uğrayan atanın I sinifdə oxuyan oğlu ilə gizli görüşlərindən danışılır. Gənc ata oğlunu sevir, uşağın gələcək taleyi onu narahat edir. Film valideynlərin öz uşaqları üçün məsuliyyət daşımaları haqqında həzin hekayətdir.

Rejissor 1976-cı ildə “Beləliklə, biz başlayırıq” qısametrajlı sənədli filmini çəkib. Filmdə yeni proqramla dərs keçən I sinif şagirdlərindən, tədris və tərbiyə prosesində qarşıya çıxan bəzi problemlərdən danışılır. Film valideynləri, pedaqoqları və şagirdləri ekran vasitəsilə dialoqa çağırır.

1978-ci ildə Anarın “Dantenin yubileyi” povesti əsasında çəkilən filmə yazıçı Anarla birgə quruluş verib. Sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etiraf üzərində qurulan filmdə qocaman teatr aktyoru barəsində söhbət açılır.

G.Əzimzadəyə böyük uğur qazandıran filmlərdən biri də 1980-ci ildə çəkdiyi “Təkcə adanı özünlə apara bilməzsən” filmidir. Filmin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir, nadir heyvanların taleyi üçün narahatlıq kimi vacib problemlər diqqətə çəkilir.

O, 1982-ci ildə quruluş verdiyi “Qaladan tapılan mücrü” macəra filmində kəskin süjet vəziyyətlərindən istifadə edib. Rejissor üçün bu filmi çəkməkdə əsas məqsəd gənc tamaşaçıları vicdan, yoldaşlıq, fədakarlıq kimi vacib anlayışlar haqqında düşünməyə kömək etməkdən, xeyirlə şər arasında dəqiq xətt çəkməkdən ibarətdir.

Rejissorun Xalq yazıçısı Anarın ssenarisi əsasında 1983-cü ildə çəkdiyi “Ötən ilin son gecəsi” psixoloji filmində tamaşaçıları ailə-məişət mövzusuna toxunan mühüm mənəvi-etik problemlər barədə düşünməyə çağırır. Kino əsəri filmin baş qəhrəmanı Həmidə xanımıın simasında anaya, əmin-amanlığı və sakitliyi qoruyan qadına həsr olunub. Anarın eyni adlı pyesində olduğu kimi, film də bir məqsədə xidmət edir: sadə, namuslu və mehriban ailə ümumi maraqları hər şeydən üstün tutur. Məhz belə ailələrdə cəmiyyətimizin və xalqımızın gələcəyi olan uşaqlar böyüyürlər.

Yazıçı Yusif Səmədoğlunun “Qətl günü” romanı işıq üzü görəndən sonra ölkəmizin ədəbi həyatında əlamətdar hadisəyə çevrildi. Xalqın faciəli taleyi haqqında acı həqiqəti əks etdirən roman qısa müddətdə oxucuların böyük rəğbətini qazandı. Rejissor Gülbəniz Əzimzadə düz beş il bu əsərin ekran variantı üzərində işləmiş, onun iki ili isə sırf çəkilişlərlə bağlı olmuşdu. Filmdə xalqın tarixinin müəyyən dövrləri bir süjetdə birləşib. Filmdə bütün hadisələr mərkəzi qəhrəmanın taleyi ilə bilavasitə bağlıdır. O, əsərdəki qəhrəmanların, zəif və güclü ruhun, cəlladlar və qurbanlar taleyinin daşıyıcısıdır. Son anda öz vicdanı ilə təkbətək qalan bu obrazın vasitəsilə filmin müəllifləri cəmiyyət haqqında fikirlərini tamaşaçıya çatdırmağa çalışıblar. Gülbəniz Əzimzadə deyirdi ki, filmin başlıca problemi əzablar hesabına yaranan incəsənətin fəlsəfi anlamı ilə bağlıdır: “Elə bir incəsənətin ki, yandırılıb məhv edilsə də, küllüklər altından cücərir və bütün məhdudiyyətləri yararaq zaman sərhədlərini keçir, xalqa öz tarixi ləyaqətini qoruyub saxlamaqda kömək edən mənəvi təməl rolunu oynayır”.

“Qətl günü” filmindən sonra rejissor yenidən müasir mövzuya müraciət edir “Müqəddəs oda yanaram”(1991) fimini çəkir. “Müqəddəs oda yanaram” film-fantaziyanın mövzusu insanın daxilən, ruhən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması ilə bağlıdır. Od gəlini haqqında qədim xalq rəvayəti ilə müasir mövzu arasında paralellik apararaq, filmdə çox vacib problemlərə toxunublar. Süjetin mərkəzində qələm və kağızı bir tərəfə tullayıb, başını siyasətə qatan istedadlı yazıçı durur.

1995-ci ildə quruluş verdiyi “Ümid” filmində hadisələr Qarabağ müharibəsinin törətdiyi faciəyə həsr olunub. Filmdəki hadisələr cəbhə xəttində deyil, Bakıda hərbi xəstəxanada bir sutka ərzində cərəyan edir. Müəlliflər burada mənəvi problemlərə toxunmuşlar. Filmin adından da göründüyü kimi, müəlliflər demək istəmişlər ki, xalq başının üstünü almış bəlalardan qurtarmaq üçün özündə qüvvə tapacaq, hər cür çətinlikləri dəf edəcəkdir. Gülbəniz xanım bütün filmlərində vətəndaşlıq mövqeyindən çıxış edirdi, vətən, torpaq ruhunun önəmindən bəhs edirdi.

Onun qəhrəmanları sakit, sadəlövh olduğu qədər də cəsurdular və mübarizə meydanından qaçmırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma