Azərbaycan bocciaçıları Xorvatiyada keçirilmiş çempionatdan 3 medalla qayıdıblar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2022-ci ilin 2-8 aprel tarixlərində Xorvatiyada keçirilmiş “Intercontinental Challenger” qitələrarası çempionatda yüksək nəticələr göstərmiş bocciaçılarla görüş olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, çempionatda boccia üzrə komandamız 3 medal (Bəhruz Mirzəyev və Sona Ağayeva qızıl, Orxan Kərimov bürünc medal) qazanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev komandanın üzvlərini bu münasibətlə təbrik edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin paralimpiya hərəkatına xüsusi qayğısı paralimpiya oyun növlərinin, o cümlədən boccianın ölkəmizdə daim inkişaf etməsinə şərait yaradıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2018-ci ilin mart ayında Azərbaycan Boccia İdman Federasiyasının yaradılması milli boccia idmanının inkişafı və beynəlxalq qələbələr qazanması üçün geniş imkanlar açıb.

S.Babayev qısa bir vaxtda boccia komandasının uğurlu bir yol keçdiyini və ardıcıl şəkildə uğurlar, beynəlxalq yarışlarda qələbələr əldə etdiklərini diqqətə çatdırıb.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi boccianın inkişafına fəal
dəstək verir. Boccia milli komandasının heyəti nazirliyin Əlilliyi olan şəxslərin Peşə-əmək
Reabilitasiyası Mərkəzinə cəlb edilmiş əlilliyi olan şəxslərdən formalaşıb.

Mərkəzdə bocciaçıların təlim məşqləri üçün şərait yaradılıb. Burada bocciaçıların qida və yataqxana, sosial-psixoloji, hüquqi və digər xidmətlərlə təminatı da həyata keçirilir. Görüşdə Boccia komandasının baş məşqçisi İlham Məhərrəmov, “Intercontinental Challenger” qitələrarası çempionatda iştirak etmiş bocciaçılar çıxış ediblər.

Azərbaycan bocciaçılarının ötən dövrdə beynəlxalq yarışlarda 3-ü qızıl olmaqla 10 medal qazandıqları qeyd edilib. Dövlət başçısının yüksək qayğısına cavab olaraq bundan sonra da bocciaçıların daim yeni qələbələrə imza atmaq əzmində olduqları vurğulanıb.

Leave a Reply Cancel reply