Güləş üzrə Azərbaycan çempionatının ilk gününün qalibləri müəyyənləşib

Bu gün güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, FHN İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Təsəlliverici görüşlər başa çatdıqdan sonra çempionatın açılış mərasimi keçirilib. Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev çıxış edərək son 1 ayda Avropa çempionatlarında qazanılan uğurlara toxunmaqla yanaşı, yeniyetmə güləşçilərə gələcəkdə Avropa, dünya və Olimpiya çempionu olmalarını arzulayıb. Olimpiya çempionu yarışı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sadiq Hüseynov (45 kq), Elman Ağayev (51 kq), Musa Ağayev (60 kq), Ağanəzər Novruzov (71 kq) və Rəvan Musayev (92 kq) qızıl medal qazanıblar.

Yarışın ikinci günündə isə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində yer alan sərbəst güləşçilər mübarizə aparacaqlar.

Leave a ReplyCancel reply