İnsan ildə neçə dəfə tomoqrafiya üsulu ilə müayinə oluna bilər?

Müasir tibbi müayinə avadanlıqları istənilən xəstəliyi dəqiq təyin etməyə imkan verir, lakin tomoqrafiya kimi müayinələr insan orqanizminə zərər vura bilər və həkimlər bu müayinə üsulunu ehtiyyatla təyin edirlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev aşağıda təqdim etdiyimiz müsahibədə nazirliyin sosial şəbəkələrdəki hesablarına radioloji müayinələrlə bağlı gələn sualları cavablandırıb.

Ağakişi müəllim, hansı orqan və toxumaları ultrasəs müayinəsi ilə dəqiq görmək mümkün deyil?

Bəzi daxili orqanların (ağciyər və mədə-bağırsaq traktı) və sümük toxumasını tam əhatə etdiyi beyni ultrasəs ilə müayinə etmək mümkün deyil. Yeni doğulmuş körpələrdə əmgəglər açıq olduğu üçün bu pəncərələrdən beyin toxumasını ultrasəs ilə müayinə etmək olar. O cümlədən, yeni doğulmuş körpələrin oynaqları tam sümükləşmədiyi üçün omba oynaqları ultrasəs ilə müayinə edilir.

Maqnit rezonans tomoqrafiya (MRT) ilə kompüter tomoqrafiyası (KT) arasındakı fərq nələrdir?

Bu iki müayinə arasında bir neçə fərq mövcuddur. Fərqlərə əsasən müəyyən üstünlüklər və məhdudiyyətlər var.

Maqnit rezonans tomoqrafiyası bir neçə üstülüyə malikdir. Onlardan ən önəmlisi insan orqanlarını toxuma səviyyəsində dəyərləndirmə imkanıdır. Təbii ki, bütün orqanları bura aid etmək olmaz, ancaq ümumilikdə orqanizmin əksər orqanları maqnit rezonans tomoqrafiyası ilə dəqiqliklə müayinə oluna bilər.

Bundan əlavə, MRT müayinəsi rentgen şüası kimi zərərli deyil. Bu səbəbdən rahatlıqla kiçik yaşlı uşaqlara və hamilə qadınlara bu müayinə təyin oluna bilər. MRT müayinəsində KT-dən fərqli olaraq zərərli şüalar yoxdur və ağciyər və mədə bağırsaq xaric daha dəqiq müayinə oluna bilər.
MRT-nin mənfi tərəfləri isə uzun vaxt tələb etməsi və qapalı sahədə icra olunmasıdır. Ona görə də klaustrafobik xəstələr (qapalı sahə qorxusu olan xəstələr) MRT-ni rahat keçə bilmir.

Həkimlər ağciyər və mədə-bağırsaq sistemini müayinə edən zaman MRT-dən istifadə etməməlidirlər.

KT-də isə müayinə müddəti qısadır və bu tip xəstələr rahat müayinədən keçə bilirlər. KT-nin digər bir üstünlüyü ağciyərləri MRT-dən fərqli olaraq millimetrik dəqiqliyi ilə göstərməsidir. Bundan əlavə, kompüter tomoqrafiyası incə sümük sınıqları haqqında daha dəqiq məlumat verir.

İnsan orqanizmi il ərzində neçə dəfə kompüter tomoqrafiyası tədqiqatı ilə müayinə oluna bilər?

Bu suala cavab vermək üçün bir neçə məsələyə aydınlıq gətirmək lazımdır. Birincisi, xəstəliyi müəyyənləşdirmək lazımdır. Məsələn, əgər bir xəstə xərçəngdirsə və onun kimyəvi müalicə müddəti şiş toxumasının ölçülərindən aslıdırsa, bu təqdirdə hər üç aydan bir KT-dən keçə bilər.

Eləcə də, əgər xəstə ağır beyin əməliyyatı keçirib və onun vəziyyəti daha da ağırlaşıbsa, bu zaman beynində baş verən prosesləri dəyərləndirmək üçün ard-arda KT müayinəsi təyin oluna bilər. Sadəcə profilaktik yoxlamaq məqsədilə KT müayinəsi aparılmamalıdır.

Necə aydan bir ultrasəs və MRT müayinəsini etmək doğrudur?

Ümumiyyətlə, müayinə metodunun hansı aralıqda istifadə olunması xəstəliyin növündən asılıdır. Burada insan orqanizminə olan zərərdən danışırıqsa, ultrasəs və MRT-nin zərəri olmadığı üçün məhdudiyyət yoxdur.

Tomoqrafiyada şüa olduğu üçün tez-tez müayinə metodu kimi istifadə olunmur. Bu yenə də xəstəliyin növündən asılıdır. Məsələn, yeni neyrocərahiyyə əməliyyatı olan şəxsdə hansısa fəsad yaranıbsa, cərrah bir həftə ərzində davamlı tomoqrafiya müayinəsini təyin edə bilər. Onkoloji xəstələrdə ilk üç ay, sonra altı aydan və bir ildən bir tomoqrafiya tələb oluna bilər.

Çox vaxt həkimlər ultrasəs müayinəsindən sonra KT və MRT-dən də keçməyi məsləhət görürlər. Sıralama olaraq bu müayinələrin hamısından keçmək nə dərəcədə doğrudur? Hansı xəstəliklərdə bu cür sıralama müayinə tələb olunur?

Təkrar müayinələrin tələbi xəstəlikdən və ilk ultrasəs müayinəsi zamanı tapılmış əlamətlərdən asılı olur. Ultrasəs müayinə başlanğıc müayinə metodudur. Başlanğıcda əgər yüngül dəyişikliklər tapılıbsa (məsələn, qaraciyərin yağlanması, öd kisəsində və böyrəkdə daş), bu zaman ultrasəs müayinəsinin nəticəsi bizi qane edir. Əgər xəstənin şikayətləri ilə təmiz çıxan ultrasəs müayinəsi üst-üstə düşmür, yaxud da ultrasəsdə şübhəli bir məqam varsa, o zaman həkim xəstənin digər radioloji müayinələrdən keçməsini zəruri hesab edə bilər. Xəstəliyin gedişatından asılı olaraq, müayinənin hansı ardıcıllıqla aparılacağına həkim qərar verir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma