DİM peşəkar mühasib təşkilatları ilə rəsmi əməkdaşlığa başlayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 aprel 2022-ci il tarixində DİM, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (DVXTM), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında Anlaşma Memorandumunun imzalanmasına həsr edilmiş tədbir keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbir Azərbaycan Respublikasının dövlət Himninin səsləndirilməsi ilə başlanıb. İclasda vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1 / 14

Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və sədr müavinləri – Namiq Babayev, Bəhram Xəlilov, Maliyyə Nazirliyinin şöbə müdirləri Elman Hüseynov və Firuzə Abdullayeva, dövlət vergi xidmətinin müşaviri Ramin İsayev, həmçinin DİM-in struktur bölmə rəhbərləri, METM, DVXTM, APFM, ARPA, GMİB-dən olan nümayəndələr, maliyyə və mühasibatlıq sahəsi ilə bağlı DİM-in əməkdaşlıq etdiyi universitetlərin (UNEC, Bakı Mühəndislik, Xəzər, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti) nümayəndələri, bu sahənin ekspertləri və PMS imtahanlarında ən yüksək bal toplayan şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən M.Abbaszadə tərəfdaşların əməkdaşlıq etmək üçün göstərdiyi marağı yüksək qiymətləndirib və qeyd edib ki, xeyli müddətdir memorandumu imzalayacaq qurumlarla qarşılıqlı müzakirələr aparılıb və bundan sonra reallaşdırılması nəzərdə tutulan fəaliyyətlərin ardıcıllığı, eləcə də qrafiki hazırlanıb. Sədr, həmçinin Mərkəz tərəfindən keçirilən PMS imtahanları, onların təkmilləşdirilməsi üçün əməkdaşlıq edilən beynəlxalq təşkilatlar (ACCA) haqqında iştirakçılara məlumat verib.

Daha sonra tərəfdaş qurumların nümayəndələri çıxış ediblər.

Görüşün sonunda Dövlət İmtahan Mərkəzi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası və Gənc Mühasiblər İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli Qərarını əsas götürərək PMS üzrə imtahanların məzmunu və strukturunun təkmilləşdirilməsi və təbliğatı, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin geniş ictimaiyyətə birgə çatdırılması və tətbiqi, eləcə də qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlıq məqsədi daşıyır.

Memoranduma əsasən, adı çəkilən tərəflər beynəlxalq kvalifikasiya və yerli PMS imtahanlarının standartlarının müqayisəli təhlili və inteqrasiyası, imtahanların ali təhsil müəssisələrinin maliyyə və mühasibat uçotu ixtisasları üzrə fənn proqramları və sillabusları ilə müqayisəli təhlili, imtahanlarda istifadə olunan tapşırıqların hazırlanması və ekspertizası, imtahanlara hazırlaşanlar üçün tədris materiallarının hazırlanması, müvafiq təlim sessiyaları, seminarların təşkili və s. istiqamətlər üzrə əməkdaşlıq edəcək.

Leave a ReplyCancel reply