Azərbaycan Latviyanın qida məhsullarının monitorinqi təcrübəsini öyrənir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriya mütəxəssislərinin  həm nəzəri, həm də praktik bilik və bacarıqlarının artırılması məqsədilə növbəti təlim “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində Latviyanın BIOR laboratoriyasının mütəxəssisləri tərəfindən təşkil edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bitki mənşəli qida məhsullarında pestisid qalıqları və digər arzuolunmaz maddələr üzrə milli monitorinq planlarının icrasına dair təlim zamanı AQTİ mütəxəssisləri Latviyanın BIOR laboratoriyasının Kimya departamentinin müdiri Vadims Bartkeviçsin təqdimatında “Kimyəvi çirkləndiricilər tərkibi üzrə qida məhsullarının monitorinqi ilə bağlı sınaq laboratoriyalarında analitik prosesdən qabaq prosedurlar” və “Aİ-nin çoxillik əlaqələndirilmiş nəzarət proqramı ilə vahid qalıq metodologiyalarının təhlili üçün istifadə olunan analitik metodlar” mövzuları üzrə məlumatlandırılıblar.

Layihənin Rezident Tvinninq müşaviri Gintaras Lapinskas “Kimyəvi çirkləndiricilər tərkibi üzrə qida məhsullarının rəsmi nəzarəti çərçivəsində bitki mənşəli qida məhsullarından nümunələrin götürülməsi” mövzusu üzrə nümunə götürülməsi prosedurları ilə bağlı beynəlxalq qanunvericiliyin tələbləri barəsində geniş bəhs edib. Laboratoriyanın Xromatoqrafiya şöbəsinin müdiri İveta Puqayeva isə “Aİ 1881/2006 Reqlamentinə uyğun olaraq bitki mənşəli məhsullarda çirkləndirici tərkibinin təhlili üçün istifadə edilən analitik metodologiyalar”, “Analitik nəticələrin hesabatı və interpretasiyası” mövzusunda təqdimatla çıxış edib.  

İnteraktiv formada keçirilən təlim zamanı iştirakçıların fikirləri dinlənilib, pestisidlərin qalıq miqdarının və təhlükəli cəhətlərinin təyin edilməsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. Təlim zamanı mənimsənilən biliklərin yoxlanması və qiymətləndirilməsi üçün test tapşırıqları həll edilib. Təlimi uğurla başa vurmuş iştirakçılara isə sertifikat təqdim olunub.

Leave a Reply