Sənaye istehsalı 3,9% artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-mart aylarında 20,6 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9% çox sənaye məhsulu istehsal edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri neft-qaz sektorunda isə 18,1% artıb.

Sənaye məhsulunun 73,7% mədənçıxarma sektorunda, 21,6% emal sektorunda, 4,2% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4% azalmış, əmtəəlik qaz hasilatı isə 16,4% artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, tikinti materiallarının istehsalı 83,8%, mebel istehsalı 70%, kimya sənayesi məhsullarının istehsalı 69,1%, əczaçılıq məhsullarının istehsalı 67,4%, geyim istehsalı 50,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 34,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 29,3%, kağız və karton istehsalı 27,3%, poliqrafiya məhsullarının istehsalı 25,2%, maşın və avadanlıqların istehsalı 23%, neft məhsullarının istehsalı 16,2%, hazır metal məmulatlarının istehsalı 15,2%, qida məhsullarının istehsalı 9,4%, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,4%, tütün məmulatlarının istehsalı 4,5%, kompüter, elektron və optik məhsulların istehsalı 4,1% artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 10,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,8%, içkilərin istehsalı 20%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,6% azalıb.   

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,2% artıb.   

Leave a Reply