“Bakı KOB evi” yaxın zamanda fəaliyyətə başlayacaq

“Bakı KOB evi”nin təşkili məsələlərinə dair Koordinasiya Qrupunun iclası keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib.

Məlumat üçün qeyd edək ki, Koordinasiya Qrupu sahibkarlığın inkişafı siyasətinin əlaqələndirilməsi, KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə KOBİA arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.

İclasda çıxış edən Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində  sistemli və ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının və böyük diqqətin göstəricisidir. Sahibkarlara təqdim edilən xidmətlərin yaxşılaşdırılması baxımından KOB evlərinin fəaliyyətini diqqətə çatdıran nazir müavini bu sahədə dövlət qurumlarının birgə fəaliyyətinin önəmini bildirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hazırda Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən 2 KOB evi tərəfindən indiyədək sahibkarlara 88 mindən çox xidmət göstərilib. Qeyd olunub ki, KOB evlərində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 99% təşkil edir. Yevlax və Xaçmaz KOB evlərinin təcrübəsi sahibkarlar üçün KOB evlərinin vacib platforma olduğunu deməyə əsas verir. Yaxın tarixdə “Bakı KOB evi”nin fəaliyyətə başlaması nəzərdə tutulur və hazırda son tamamlama işləri aparılır. “Bakı KOB evi”ndə 130-a yaxın xidmət masasında sahibkarlara “G2B” və “B2B” xidmətlərin təqdim edilməsi nəzərdə tutulur. Burada həmçinin, startap, mediasiya və KOB inkişaf mərkəzləri fəaliyyət göstərəcək.

İclasda KOB evlərinin fəaliyyəti, “Bakı KOB evi”nin yaradılması və burada dövlət qurumlarının fəaliyyətinin təşkili məsələləri müzakirə olunub.

Leave a Reply