Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 10 aprel 2022‑ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.

İmtahan nəticələri bu gün saat 16:06-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.  

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2089 namizəddən 25 nəfər imtahana gəlməyib. 1 nəfər mobil telefon istifadəyə cəhd etdiyinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 16 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3 altqrupu üzrə 56 nəfər, BA4 altqrupu üzrə 69 nəfər, BB1 altqrupu üzrə 93 nəfər, BB2 altqrupu üzrə 116 nəfər, BB3 altqrupu üzrə 175 nəfər, BB4 altqrupu üzrə 235 nəfər olmaqla, ümumilikdə 782 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün aprelin 12-dən 25-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 12-14 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299.

Leave a Reply