Azərbaycanla Türkiyə maliyyə sektorlarının rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının yanında Maliyyə Ofisi arasında Anlaşma Memorandumu imzalanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Mərkəzi Bank ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının yanında Maliyyə Ofisi (Türkiyə Maliyyə Ofisi) arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətlərin müzakirə edilməsi məqsədilə 31 mart 2022-ci il tarixində Mərkəzi Bankın sədri Elman Rüstəmov ilə Türkiyə Maliyyə Ofisinin sədri Göksel Aşan arasında görüş keçirilib.

Görüşdə hər iki tərəf vurğuladı ki, bu gün imzalanacaq Memorandum əməkdaşlığın daha dərinləşməsinə yeni əhəmiyyətli töhfə verəcəkdir. Görüşün sonunda Mərkəzi Bank və Türkiyə Maliyyə Ofisi arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi maliyyə texnologiyaları ekosisteminin genişləndirilməsi, açıq bankçılıq yanaşmasının tətbiqi, sığorta sektorunun və kapital bazarlarının rəqəmsal transformasiyası, həmçinin maliyyə bazarlarında innovativ maliyyə texnologiyalarının tətbiqini dəstəkləyən qanunvericilik bazasının formalaşdırılması və kadr potensialının artırılması üzrə əməkdaşlıq çərçivəsinin yaradılmasıdır.

İmzalanmış Memorandum iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi, maliyyə texnologiyaları ekosisteminin formalaşdırılması və bununla maliyyə sektorunda rəqabətli, innovativ və əlçatan rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində də əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Leave a Reply