Bakı Dövlət Universitetinin Fizika fakültəsi sabah qeyri-əlverişli kosmik hava proqnozu açıqlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, 28 mart tarixində baş vermiş Günəş alışmaları nəticəsində bu günün sonunda G1 (zəif-mülayim) aktiv geomaqnit sahə müşahidə olunur.
Lakin 31 mart tarixində günün əvvəlindən G3-G4 (orta) güclü geomaqnit qasırğanın müşahidə olunacağı proqnozlaşdırlır.
Aprelin 1-də geomaqnit qasırğanın nisbətən sakitləşəcəyi və G2 (sakit-zəif) maqnit qasırğa səviyyəsində müşahidə olunacağı proqnozlaşdırılır.
Elmi mənbələrin məlumatlarına əsasən, geomaqnit qasırğaları kosmik havanın ən mühüm elementlərindən biridir və rabitənin, kosmik gəmilərin naviqasiya sistemlərinin pozulmasına, transformatorlarda və boru kəmərlərində burulğanların yaranmasına, hətta enerji sistemlərinin məhvinə təsir göstərir. Enerji sistemlərinin dağıdılması öz növbəsində nasos stansiyalarının dayanmasına və şəhərlərdə su təchizatının dayandırılmasına gətirib çıxara bilər ki, bu da çoxsaylı humanitar fəlakətlərə səbəb ola bilər.
Stres reaksiyasının başlama anı ayrı-ayrı insanlarda müxtəlif şəkildə özünü büruzə edir. Belə ki, bəzi insanlar maqnit qasırğalarına onlardan 1-2 gün əvvəl, yəni Günəşin alışması zamanı, reaksiya verməyə başlayırlar. Bu fenomen meteoroloji asılılıq qeyri-rəsmi tibbi termini kimi tanınır.
Maqnit fırtınaları qanın laxtalanmasına təsir edərək onu qatılaşdırır. Nəticədə qan laxtalanmasına meyl artır, orqanizmdə qaz mübadiləsi azalır, toxuma hipoksiyası inkişaf edir, qan təzyiqi yüksəlir. İnsult, infarkt, hipertonik böhranların sayı artır, miqren güclənir.