Ramazan ayının başlama tarixi və təqvimi açıqlanıb – VİDEO

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanma tarixini va təqvimini açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 2 aprel 2022-ci ilə təsadüf edəcək.

“Orucluğun həm ictimai baxımdan, həm də insanın ruhu və cismi üçün olduqca böyük əhəmiyyəti vardır. Belə ki, orucluq ictimai yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir.  Mübarək Ramazan günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək hər birimizin borcudur. Qəhrəman şəhidlərimizin mübarək ruhlarının anılması, ailələrinə himayə və ehtiram, qazilərin diqqət və qayğı ilə əhatə olunması Ramazanda nümunəvi mənəvi örnəklərdəndir” – deyə idarənin məlumatında qeyd edilib.

Qafqaz Müsəlmanları İdarəsinin 114 TV internet televiziyası Ramazan ayı boyunca Orucluğun fəzilətləri barədə xüsusi verilişləri ilə dindarların xidmətində olacaq.

QMİ-nin verdiyi məlumata əsasən Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf edəcək.

Leave a Reply