Mərkəzi Bank uçot dərəcəsində dəyişiklik edib

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində müəyyən edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi azalmışdır. Rəsmi statistikaya görə 2022-ci ilin fevral ayında inflyasiya 1.1% olmuş, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 11.9% artıb.

İllik inflyasiya tempinin azalması qeyri-ərzaq məhsulları və xidmətlərin bahalaşma tempinin nisbətən azalması ilə bağlıdır. Fevralda illik əsasda qiymət artımı qeyri-ərzaq məhsulları üzrə 6%, xidmətlər üzrə isə 9.3% təşkil edib.

İllik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması (17.2%) dünya birjalarında ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son 2 ayda 5.2%, son bir ildə isə 20.7% artıb. Son ildə qiymətlər un məmulatları üzrə 14.8%, süd məhsulları üzrə 24.8%, yağlar üzrə 36.8% yüksəlib. Geosiyası və geoiqtisadi risklər səbəbindən buğda qıtlığı ilə bağlı ehtimallar buğdanın qiymətini son 14 ilin maksimumuna çatdırıb. Ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq məhsullarının ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq məhsullarının qiymətlərinə artırıcı təsir göstərən amillərdən hesab edilir.

Mart ayında keçirilmiş sorğunun nəticələrinə görə sorğuya cəlb edilən ev təsərrüfatlarının 24%-dən çoxu inflyasiya tempinin daha da yüksələcəyini gözləyir. Müəssisələr arasında aparılan sorğulara görə fevral ayında əvvəlki ayla müqayisədə inflyasiya gözləntiləri qeyri-neft sənayesində artıb. Ticarət və xidmət sektorlarında da inflyasiya gözləntiləri pozitiv zonada qalır.

Yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Cari ilin ilk 2 ayında faktiki inflyasiyanın dinamikası proqnozlaşdırılan trayektoriyaya uyğun olsa da geosiyasi və geoiqtisadi risklərlə bağlı yaranmış yeni şərait reallaşan və potensial təsirləri inflyasiyanın proqnoz variantlarına yenidən baxmaq zərurəti yaradıb. Fevral ayının sonlarından başlayaraq birja əmtəələrinin qiymətlərinin kəskin yüksəlməsi tərəfdaş ölkələrdə, xüsusən də enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərini daha da yüksəltməkdədir. Tərəfdaş ölkələrin bəzilərində milli valyutaların kəskin ucuzlaşması bu ölkələrdə inflyasiyanın Azərbaycana idxalını məhdudlaşdırır. Digər tərəfdən Azərbaycanın əsas ixrac əmtəələrinin bahalaşması qiymətlər sabitliyinin əsas lövbərini – milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir.

Xarici sektor. Qlobal iqtisadiyyat geosiyası və geoiqtisadi risklərin təzyiqi altındadır.

Beynəlxalq təşkilatlar qlobal iqtisadi artım proqnozunu azaltmaq, inflyasiya proqnozunu isə artırmaq istiqamətində təshih edirlər. Bir çox analitik mərkəzlər pandemiyanın və iqlim dəyişikliklərinin neqativ təsirlərinə məruz qalan dünya iqtisadiyyatının geosiyasi gərginliklərin güclü neqativ təsirləri altında staqflyasiya, yəni yüksək inflyasiya və ressesiyanın kombinasiyası ilə üzləşə biləcəyini ehtimal edirlər. Onların fikrincə tarixi rekordları təkrarlayan qiymət artımları, beynəlxalq logistika-təchizat zəncirindəki problemlər, hesablaşmalarda yaranan çətinliklər, qeyri-müəyyənliklərin kəskin artımı qlobal istehsalın azalması və xərclərin artmasını sürətləndirir.

Yaranmış vəziyyətdə mərkəzi banklar inflyasiya ilə mübarizə aparmaq və iqtisadi artımı dəstəkləmək kimi çətin dilemma qarşısındadırlar. Qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi şəraitində aparıcı ölkələrin mərkəzi bankları daha təmkinli monetar siyasət həyata keçirəcəyini açıqlayıblar.

Ötən iclasdan bəri Azərbaycanın ixracında mühüm paya malik neftin və təbii qazın qiymətinin kəskin artması müşahidə olunur. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 96 ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin orta qiymətindən (71 ABŞ dolları) 35% çoxdur. Mart ayında bəzi günlərdə neftin qiyməti 2008-ci ildən bəri pik səviyyəyə qalxmışdır. Təbii qazın qiyməti də Avropada rekord həddə çatıb. Azərbaycandan ixrac olunan neft və qazın hasilatının həcminin də cari ildə artacağı gözlənilir.

Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında Ümumi Daxili Məhsula nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca fundamental amildir. Son hadisələr qeyri-neft əmtəə və xidmət ixracının artım tempinə, eləcə də ölkəyə daxil olan pul baratlarının həcminə və qeyri-neft sektoruna investisiyaların dinamikasına da təsir edəcəkdir.

2022-ci ilin 2 ayında ölkənin strateji valyuta ehtiyatları 0.4% və ya 195 mln. ABŞ dolları artaraq 53.4 mlrd. ABŞ dollarını üstələmişdir. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 7.2 mlrd. ABŞ dollarına yaxınlaşıb.

İqtisadi fəallıq. 2022-ci ilin ilk 2 ayında ümumi daxili məhsul real ifadədə 6.7%, o cümlədən qeyri-neft sektoru üzrə 10.1% artıb. Qeyr-neft sektorunun bütün sahələrində iqtisadi artım qeydə alınıb. İqtisadi artım qeyri-neft sənayesində 19.8%, kənd təsərrüfatında 3.1%, tikintidə 6.5% olub. Ümumilikdə, 2022-ci ilin yanvar-fevral aylarında iqtisadi artım qeyri neft-qaz sektorunun ticari sahələrində 14%, qeyri-ticari sahələrində isə 9.2% təşkil edib.

Məcmu tələbdə 2021-ci ildən başlanan genişlənmə cari ildə davam edir. 2022-ci ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsi 3%, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5% artıb. İnvestisiyaların 2 ayda ümumi dəyişimi neqativ olsa da (2.1%) qeyri-neft investisiyalarının artımı 12.1% təşkil edib. İlin sonuna əsasən dövlət investisiyaları hesabına investisiya tələbinin tam bərpası gözlənilir.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri əsasında hesablanan qabaqlayıcı indikatorlar iqtisadi aktivliyin qorunacağı gözləntilərini əks etdirir. Belə ki, fevralda qeyri-neft sənayesi üzrə istehsal gözləntiləri, ticarətdə satışlar üzrə gözlənti və xidmətdə tələb gözləntisi əvvəlki ayla müqayisədə yüksəlib.

Ötən iclasdan bəri epidemioloji vəziyyətin nisbətən yaxşılaşması və karantin məhdudiyyətlərinin əlavə yumşaldılmasının iqtisadi aktivliyə müsbət təsir edəcəyi gözlənilir. Cari və orta müddətli dövrə iqtisadi artım proqnozunun reallaşmasına geosiyasi böhranın aradan qalxması tezliyi də təsir edəcəkdir.  

Monetar şərait. Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdədir.

2022-ci ilin ötən dövründə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnənin bahalaşması tempi 14%-ə çatmışdır ki, bu da yüksək idxal inflyasiyasını əhəmiyyətli neytrallaşdırmaqdadır. Manat xüsusilə də Rusiya rublu, Ukrayna qrivnası, Qazaxıstan təngəsi və avroya qarşı möhkəmlənib.

Qlobal mühitdəki şok dəyişikliklərə baxmayaraq manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin valyuta bazarında tarazlıq şəraitində formalaşması inflyasiya gözləntilərinə də azaldıcı təsir göstərir. Valyuta bazarında tarazlığın əsasında profisitli tədiyə balansı, qəbul edilmiş makroiqtisadi çərçi­və və adekvat monetar şəraitin mövcudluğu dayanır. Ötən iclasdan bəri (fevral və mart aylarında) Mərkəzi Bankda keçirilən bütün valyuta hərraclarında təklif tələbi üstələyib.

Dövlət büdcəsində mövsümi profisitin yaranması və Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində 2022-ci ilin ötən dövründə manatla pul bazası 8.2% azalıb (ilin sonunda sistem əhəmiyyətli bankla müddətli əməliyyat nəzərə alınmadan).

Maliyyə bazarının milli valyutada risksiz alətlər bazarı seqmentində də sabitlik müşahidə edilir. Ötən iclasdan keçən müddətdə gəlirlik 5 və 7 illik dövlət qiymətli kağızları üzrə cüzi azalıb, 3 illik kağızlar üzrə isə cüzi artıb. REPO əməliyyatları üzrə orta faiz dərəcələrində cüzi yüksəlmə baş verib.

2022-ci ilin ilk 2 ayında bank sistemi üzrə kredit portfeli 2.8% artıb. Yanvar-fevral aylarında milli valyutada müddətli əmanətlərin daha yüksək templə (3.8%) artması onu göstərir ki, mövcud əmanət və depozit faizləri inflyasiya risklərini kompensasiya etməyə və manatla yığımların cəlbediciliyini qorumağa imkan verir.

Ümumilikdə bank sistemi öz dayanıqlığını qoruyur, bank hesablaşmalarının aparılmasında problemlər müşahidə edilmir.

Risklər balansı. Ötən iclasdan bəri inflyasiyanın risk balansında artırıcı amillərin rolu bir qədər yüksəlib.

Başlıca risk geosiyasi və geoiqtisadi gərginliyin daha da artmasıdır ki, bu da dünya əmtəə bazarlarında qiymət artımlarının və tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin daha uzun müddətə yüksəlməsinə, təchizat zəncirində problemlərin daha da dərinləşməsinə və dünyada ərzaq qıtlığının yaranmasına səbəb ola bilər. İxraca məhdudiyyətlər, logistika və hesablaşma problemləri üzündən bəzi əsas ticarət tərəfdaşlarından idxalın çətinləşməsi və bahalaşması daha bahalı idxalla əvəzlənməni zərurətə çevirə bilər. Bütün bunlar Azərbaycanda inflyasiya proqnozu üzrə baza ssenarinin reallaşmaması və yüksək inflyasiya idxalının davam etməsi riskini yaradır.

Profisitli tədiyə balansı ilə dəstəklənən milli valyutanın məzənnəsinin dayanıqlığı və monetar siyasətlə bağlı qəbul edilmiş qərarların inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam edir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamı ilə hazırda reallaşmaqda olan antiinflyasiya tədbirləri cari ildə inflyasiya səviyyəsinə azaldıcı təsir göstərəcək.

İnflyasiya təzyiqlərinin və gözləntilərinin yüksəlməsi ssenarisində ilin qalan dövründə Mərkəzi Bank monetar şəraitin əlavə sərtləşdirilməsi yönümündə qərarların qəbul ediləcəyini istisna etmir. 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, makroiqtisadi proqnozlar və inflyasiya amillərinin dərin təhlili nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar 18 mart 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il aprel ayının 29-da veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma