Gənc Tamaşaçılar Teatrının baş rejissoru kollektivə təqdim olunub

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə kollektivə təqdim olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təqdimetmə mərasimində Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun rəhbəri Könül Cəfərova, tearın direktoru Naidə İsmayılzadə və kollektiv üvləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan nazir müavini Elnur Əliyev çağdaş zamanda kadr seçimi məsələsinin inkişafın əsası olduğunu qeyd edib: “Bir neçə gün öncə Mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Mehriban xanımı geniş təqdim etməyə ehtiyac yoxdu. Onun daha əvvəl televiziyada, kinoda, teatrda gördüyü işlər hamıya bəllidir. Bizim mədəniyyət nazirliyi olaraq son bir ildə çalışdığımız ən ümdə məsələ təlim-təhsil və kadrların düzgün seçimi məsələsidir. Bilirsiniz ki, nazirliyin təşkilatçılığı və dəstəyi ilə az qala hər gün master-klasslar təşkil olunur, təcrübə mübadilələri üçün şərait yaradılır. Hesab edirəm ki, Mehriban xanım kimi istedadlı və zəhmətkeş bir insanın bu teatrda çalışması fərqli, yeni bir ab-hava yaradacaq. Həmçinin bu təyinat teatrın kollektivinin başqa mərhələdə, daha üstün bir komanda kimi görünməsi üçün fürsət olacaq.”

Daha sonra söz Mehriban Ələkbərzadəyə verilib. O, hər şeydən öncə ona göstərilən bu etimada görə təşəkkürünü bildirib: “Bu teatr mənə çox doğmadır. Çünki elə bu səhnədə “Cəza” tamaşasını oynayırıq. Ümumiyyətlə harda işləməyimizdən asılı olmayaraq, biz Azərbaycan teatr camiəsinin üzvüyük, istənilən yer bizim doğma məkanımız ola bilər. 90-dan artıq yaşı olan və elə 90-na yaxın aktyor heyəti olan nəhəng bir teatrdır. Bu heyətlə çalışmaq və daha böyük uğurlara imza atmaq mümkündür. Daha maraqlı və kreativ təqdimatlar bizim əsas hədəfimizdir. İnanıram ki, alınacaq və mən bu göstərilən etimadı doğruldacam.”

Teatrın direktoru Naidə İsmayılzadə yeniliklərin teatrın, sənətin inkişafına fayda verdiyini söyləyib: “Mehriban xanım teatrla yaşayan bir insandır və düşünürəm ki, Gənc Tamaşaçılar Teatrına gəlişi çox faydalı olacaq. Çünki zaman dəyişiklik və yenilənmələr zamanıdır. Daha maraqlı və çevik olmağımız vacibdir. Teatrda hal-hazırda təmir gedir, yaxın zamanda bu binanın siması yenilənəcək, şövqlə çalışmağımız və daha gözəl işlər ortaya qoymağımız üçün hər cür şərait olacaq. Əlbəttə bütün bu illər ərzində teatrın işgüzar, istedadlı kollektivi çox maraqlı işlərə imza atıblar, biz yeni gələn gənclərə də özlərini ifadə üçün şərait yaratmışıq. Amma bununla belə daha səmərəli çalışmağımız, yeni, fərqli tərəfdən görünməyimiz vacibdir. Bu yolda Mehriban xanıma uğurlar diləyirəm.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma