Kibertəhlükəsizlik üzrə yeni təhsil resursu istifadəyə verilib

Kibertəhlükəsizlik haqqında məlumatlılığın artırılmasını təmin etmək məqsədilə veb səhifə  fəaliyyətə başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, resursun yaradılmasında əsas məqsəd müxtəlif yaş qrupuna daxil olan istifadəçilər arasında kibertəhlükəsizlik, kibercinayətkarlarla mübarizə haqqında nəzəri bilik və praktik bacarıqların formalaşdırılmasıdır. Eyni zamanda kibertəhlükəsizlik anlayışının təhsil müəssisələrində genişlənişləndirilməsi məqsədilə layihə çərçivəsində icma tədbirlərinin təşkil olunması və internetdən istifadə üçün sağlam mühitin formalaşdırılması  nəzərdə tutulub. 

Fərqli yaş qrupuna aid olan hər bir internet istifadəçisi 1337.edu.az veb səhifəsində qeydiyyatdan keçərək informasiya təhlükəsizliyi sahəsində baş verən yeniliklərlə tanış ola və müxtəlif kateqoriyalar üzrə məlumatlar paylaşa bilərlər.

Veb səhifədə “Müzakirə Forumu” bölməsi fəaliyyət göstərir ki, bu bölmədə kibertəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən informasiya təhlükəsizliyinə aid müntəzəm olaraq bloq postlar yerləşdirilir. Bu hissədə eyni zamanda “İnsidentlərin idarə olunması və cavab tədbirləri”, “Nüfuzetmə testləri” və s. kimi mühüm məsələlər müzakirə edilir və həll yolları göstərilir.

Qeyd etmək lazımdır ki, 1337.edu.az resursu Azərbaycan Respublikasının Təhsil Nazirliyinin kibertəhlükəsizlik və kibercinayətkarlarla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş “Kibertəhlükəsizlik” təlim layihəsinin uğurlu nəticəsi olaraq yaradılmış və Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi tərəfindən dəstəklənir.

Leave a Reply