Böyrək xəstəliyinə işarə edən əlamətlər hansılardır?

İnsan organizminin sağlamlığı birbaşa həyat tərzindən və yerləşdiyi ərazinin təbiətinin xüsusiyyətlərindən, suyun, qidanın tərkbindən və keyfiyyətindən asılı olaraq formalaşır. Alimlərin müşahidələrinə görə hətta bir ölkənin müxtəlif reqionlarında əhalinin müəyyən xəstəliklərə meyilliyi mövcuddur. Lakin bəzi xəstəliklərin qaşısını profilaktik tədbirlər görməklə, düzgün qida rejiminə riayət etməklə və sağlam həyat tərzi aparmaqla almaq mümkündür. Burada qenetik meyillilik aparıcı rollardan birini oynayır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev aşağıda təqdim etdiyimiz müsahibədə Azərbaycanda hər 1 milyon əhalinin 700-800 nəfəri böyrəklərin xroniki xəstəliyindən əziyyət çəkdiyini deyib.

Fariz müəllim, böyrəklərin xroniki xəstəliyin (BXX) yaranma səbəbləri hansılardır?

BXX-nin yaranma səbəbləri aşağıdakılardır:

•Qlomerulonefrit (böyrək glomeruli (glomerulus) zədələnməsi ilə xarakterizə olunan böyrək xəstəliyi) – 26-28%

•Şəkərli diabet – 23-27%

•Arterial hipertoniya xəstəliyi (sistolik qan təzyiqinin artması sindromu) – 15-16%

•Xroniki pielonefrit (süst gedişli,arabir kəskinləşmə verən böyrək parenximasının və böyrək ləyəninin bakterial iltihabi xəstəliyi) – 13-15%

•Polikistoz xəstəliyi (yumurtalıq funksiyasının pozulması ilə müşayiət olunan poliendokrin sindrom) -4-6%

•Uroloji səbəblər – 4-5%

•Digər səbəblər – 2-3%.

Azərbaycanda neçə nəfər bu xəstəlikdən əziyyət çəkir?

Xroniki böyrək xəstəliklərinin statistikası bir milyon əhaliyə nəzərən hesablanır. İnkişaf etmiş ölkələrdən – Yaponiya, Almaniya kimi ölkələrdə bir milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək çatışmazlığı olan xəstə düşür.

Azərbaycanda isə bu rəqəm 700-800 nəfər civarındadır. Onlardan 40-45%-i (təxminən 3700 xəstə) BXX səbəbindən hazırda aktiv formada böyrək əvəzedici terapiyanın (BƏT) bir növü olan proqram hemodializ müalicəsi qəbul edirlər.

Həmin xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar.

Qeyd edim ki, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 43 hemodializ mərkəzi 800 “süni böyrək” cihazı ilə təchiz olunub. Xəstələrə 256 həkim-nefroloq və 458 tibb bacısı xidmət göstərir.

Xəstəliyin əlamətləri hansılardır?

Xroniki böyrək xəstəliyinin subyektiv və obyektiv əlamətləri var.

Subyektiv simptomlara daxildir: ümumi zəiflik, halsızlıq, iştahasızlıq, yuxunun pozulması, dəri qaşınması, sidiyin miqdarının azalması, aşağı ətraflarda ödemlər, ürəkbulanma, qusma, əzələ qıcolmaları, oynaqlarda ağrı, periodik olaraq arterial təzyiqin artması və s.

Obyektiv simptomlara daxildir: anamnez, instrumental, laborator müayinələrin nəticələrinə əsasən qanda kreatininin, sidik cövhəri, qalıq azotu, sidik turşusunun səviyyəsinin artması, elektrolit (K, Na, Ca, F) və turşu-qələvi balansının pozulması, anemiyanın yaranması halları aşkar edilir.

Bəs xəstəliyin yaranmasına nə səbəb olur?

Böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır.

Anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri, immun xəstəlikləri, hər hansı maddələrlə zəhərlənmələr, anadangəlmə uroloji patologiya, böyrək daşı xəstəliyinin müalicəsinin uzun müddət düzgün aparılmaması və s. böyrək çatışmazlığına səbəb olan amillərdir. Ona görə də hansısa böyrək xəstəliyi olan xəstə hətta böyrək çatışmazlığı olmazsa belə, ildə heç olmasa 2 dəfə yoxlanılmalıdır.

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur.

BXX-nin gizli inkişafı zamanı hansı ağır patoloji hallar ola bilər?

Böyrəklərin xroniki xəstəliyinin ilkin mərhələlərində konservativ müalicə təyin edilir. BXX aşkar olunan xəstələrdə ürək-damar çatışmazlığı, beyin qan-dövranı pozulmaları (ensefalopatiya), mədə-bağırsaq pozulmaları və intoksiaksiya halları yaranır. Eyni zamanda, bütün xəstələrdə qanda kreatininin səviyyəsi yüksək qeyd olunur. Şəkərli diabeti olan BXX-li xəstələrdə qanda kreatinin səviyyəsi 5 mg/dl, digər xəstələrdə isə 6 mg/dl-dən yüksək olduğu halda böyrək əvəzedici terapiya müalicə növü seçilir.

Leave a Reply Cancel reply