Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) tövsiyyələrinə bir neçə ölkədən heyvandarlıq məhsullarının idxalını məhdudlaşdırıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, OIE Pakistan İslam Respublikasının Sind və Pəncab regionlarında nodulyar dermatit, Amerika Birləşmiş Ştatlarının Missuri, Cənubi Dakota, Merilend, Ayova ştatlarında, Polşa Respublikasının Malopolsk inzibati ərazisində və Nepal Federativ Demokratik Respublikasının Qandaki əyalətində isə yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığını bəyan edib.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla:
Pakistan İslam Respublikasının Sind və Pəncab regionlarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, Amerika Birləşmiş Ştatlarının Missuri, Cənubi Dakota, Merilend, Ayova ştatlarından, Polşa Respublikasının Malopolsk inzibati ərazisindən Nepal Federativ Demokratik Respublikasının Qandaki əyalətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların, quş yemləri və quş üçün yem əlavələrinin idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
İstisna hallarını quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar və bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri təşkil edir.
Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Pakistan İslam Respublikasından, Amerika Birləşmiş Ştatlarından, Polşa Respublikasından və Nepal Federativ Demokratik Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.