Bir ildə pensiyaçıların sayı 2,3% azalıb

2022-ci il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1200,5 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1228,8 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 12 faizini təşkil edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, onların 58,9 faizi yaşa, 28,9 faizi əlilliyə, 12,2 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artaraq 331,8 manat təşkil etmiş və orta aylıq əmək haqqının 45,3 faizinə bərabər olmuşdur.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 20 faiz artırılaraq 2022-ci ilin 1 yanvar tarixindən 240 manat müəyyən olunmuşdur.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları ilə 2022-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmış, qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla digər əmək pensiyaçılarına 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına isə 2022-ci ildə aylıq əmək pensiyasının 10 faizi məbləğində aylıq maddi yardım təyin olunmuşdur.  

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2022-ci ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 113,6 min (ötən ilin yanvarın   1-i vəziyyətinə 100,2 min) nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə – 150,3 min (müvafiq olaraq 182,5 min) nəfər, ailə başçısını itirməyə görə – 54,3 min (49,2 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 55,8 min (52,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,9 min (27,2 min) nəfər olmuşdur.

Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 216 nəfər qəyyumuna, müxtəlif kateqoriyalı şəxslərin 6,8 min ailəsinə 10,8 min uşaq üçün, beşdən çox uşağı olan 2,4 min qadına 9,5 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 319 şəxsə isə kompensasiya verilmişdir.

2021-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 64,8 min ailəyə 66,2 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4,0 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 7,3 min nəfərə birdəfəlik müavinətlər verilmişdir.

2022-ci il yanvarın 1-i vəziyyətinə 44,7 min aztəminatlı ailənin 194,0 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 64,29 manat təşkil etmişdir.

Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 299,3 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.

Leave a Reply Cancel reply