Xalq artisti Rüstəm İbrahimbəyov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli incəsənətimizin və ədəbiyyatımızın görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il mart ayının 11-də ömrünün 83-cü ilində vəfat edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Rüstəm İbrahimbəyov 1939-cu il fevral ayının 5-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda, SSRİ Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasında, Moskvada Ali rejissorluq və ssenaristlik kurslarının ssenari bölməsində, daha sonra isə rejissorluq bölməsində təhsil almışdır.

60 ildən artıq Azərbaycan mədəniyyətinə xidmət göstərmiş R.İbrahimbəyovun əsərləri əsasında onlarla bədii və televiziya filmi çəkilmiş, tamaşalar hazırlanmışdır.

R.İbrahimbəyovun özünəməxsus yaradıcılığı Azərbaycanın zəngin kino sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. Dünya kino irsinin nailiyyətlərindən uğurla bəhrələnərək ayrı-ayrı illərdə yaratdığı qiymətli sənət nümunələri R.İbrahimbəyova şöhrət qazandırmış, ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə tamaşaçıların zövqünün formalaşdırılmasına xidmət edərək, milli kino sənətinin təqdirəlayiq nümunələri kimi yüksək dəyərləndirilmişdir.

Təsadüfi deyil ki, onun ssenariləri əsasında Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrinin tanınmış kinematoqrafçıları tərəfindən onlarla film çəkilmişdir. R.İbrahimbəyovun ssenari müəllifi olduğu “Günəşdən usanmışlar” (rejissor Nikita Mixalkov, Rusiya) filmi Amerika Kino Akademiyasının “Oskar” mükafatına (1994) və 47-ci Kann Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin Mükafatı”na, “Urqa – məhəbbət dairəsi” (1991, rejissor Nikita Mixalkov) filmi Venesiya Film Festivalının “Qızıl Şir” mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində “Feliks” mükafatına layiq görülmüş, “Şərq-Qərb” (1999) filmi “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olmuşdur. Türkiyədə 48-ci Beynəlxalq Antalya “Qızıl portağal” Film Festivalında Rüstəm İbrahimbəyova “Ömür boyu şərəf mükafatı”, Ukraynada 41-ci Beynəlxalq “Gənclik” Kinofestivalında “Qızıl skif maralı” mükafatı təqdim edilmişdir.

1962-ci ildə yazdığı “Mürəbbəsiz çörək” hekayəsi ilə yazıçılıq fəaliyyətinə başlayan və kino ilə yanaşı ədəbiyyat sahəsində də uğurlu fəaliyyət göstərən R.İbrahimbəyov 50-dək pyesin müəllifidir. Onun “Şirəbənzər”, “Yaşıl qapı arxasında qadın”, “Öz yolu ilə”, “Təmas”, “Qum üzərində ev”, “İstintaq”, “Ultimatum”, “Kaliforniyada dəfn” kimi pyesləri dünyanın 100-dən çox teatrında tamaşaya qoyulmuşdur.

1989-cu ildə “İbrus” şirkətini və bir müddət Bakıda fəaliyyət göstərmiş “İbrus” Teatrını təsis edən R.İbrahimbəyov MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqı Konfederasiyasının sədri, Avropa Kino Sənəti Akademiyasının (“Feliks”), ABŞ Kino Akademiyasının və “Nika” Rusiya Kinematoqrafiya Elmləri Akademiyasının üzvü olmuşdur.

1981-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən R.İbrahimbəyovun mədəniyyət və incəsənət qarşısındakı xidmətləri Azərbaycan və Rusiya dövlətləri tərəfindən yüksək qiymətləndirilmiş və o, 1976-cı ildə Azərbaycan SSRİ-nin “Əməkdar incəsənət xadimi” fəxri adı, 1980-ci ildə Azərbaycan SSRİ-nin Dövlət mükafatı, 1981-ci ildə SSRİ Dövlət mükafatı, 1993, 1995, 1997 və 1999-cu illərdə Rusiya Federasiyasının Dövlət mükafatı, 1995-ci ildə Rusiya Federasiyasının “Əməkdar incəsənət xadimi” fəxri adı, 1998-ci ildə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adı, 1999-cu ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, eləcə də digər çoxsaylı orden və medallarla, diplomlarla təltif olunmuşdur.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Görkəmli sənətkar və səmimi insan Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyovun  xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Leave a ReplyCancel reply