İranla Azərbaycan arasında önəmli sənədlər imzalanıb

Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib.

TIME bildirir ki, tədbirdə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Baş nazirin müavini Şahin Mustafayevin və Komissiyanın İran tərəfindən həmsədri, həmin ölkənin yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

İclasda bildirilib ki, sərhədyanı ərazilərdə nəqliyyat infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır: “Bu yaxınlarda Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün təməli qoyuldu. İnanırıq ki, tezliklə tikinti işlərinə başlayacaq və qısa müddətdə körpünün tikintisini yekunlaşdırmağa nail olacağıq”.

Görüşdə beynəlxalq yükdaşımaları və avtomobil nəqliyyatı məsələlərinə toxunulub, Azərbaycan və İran arasında rabitə sahəsində də mövcud və perspektiv əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Televiziya və FM radio yayımlarının koordinasiyası, birbaşa səs arabağlantı kanallarının bərpası, peyk xidmətləri və digər mövzular müzakirə edilib.

Yekunda Azərbaycan və İran arasında iclasın protokolu və bir sıra ikitərəfli sənədlər imzalanıb.

Tərəflər arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

İclasda Azərbaycan tərəfindən baş nazirin müavini, komissiyanın Azərbaycandan olan həmsədri Şahin Mustafayev, digər dövlət və hökumət nümayəndələri, İran tərəfindən isə İranın yol və şəhərsalma naziri, komissiyanın iranlı həmsədri Rüstəm Qasemi və digər rəsmilər iştirak edir.

İranın yol və şəhərsalma naziri və Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasemi jurnalistlərə açıqlamasında deyib ki, İranın yeni hökuməti dövründə bütün ölkələr, o cümlədən qonşu dövlətlərlə münasibətlərin gücləndirilməsi əsas götürülüb: “Ölkələrimizi birləşdirəcək nəqliyyat dəhlizlərinin aktivləşdirilməsi diqqət mərkəzindədir. İki ölkə də sərhəd-keçid məntəqələrinin fəaliyyətinin artırılmasını qərara alıb. Ticarət, sənaye, mədəniyyət və turiz sahələrində əlaqələrin inkişafının şahidi olacağıq”.

Leave a ReplyCancel reply