Ceyhun Bayramovun məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibi Antonio Quterreşə ünvanlandığı 2 mart 2022-ci il tarixli məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, məktubunda nazir Ceyhun Bayramov Azərbaycanın Xocavənd rayonunun Ədilli kəndində kütləvi məzarlığın aşkar edilməsi ilə bağlı məlumatı təqdim edərək, diqqəti bir daha hələ birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi məsələsinə cəlb edib.

Məktubda, şahid ifadələri və araşdırma materialları əsasında toplanan məlumatlara əsasən aşkarlanan qalıqların bu ərazilərdə mövcud olan kütləvi məzarlıqların ancaq kiçik bir hissəsini təşkil etdiyi və bu cinayətləri törədənlərin hələ də cəzasız qaldıqları, Ermənistanın öz qurumları və məsul şəxsləri tərəfindən törədilən hərbi cinayətlərin və insanlıq əleyhinə cinayətlərin araşdırılması istiqamətində heç bir addım atmadığı BMT Baş katibinin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsinin həm qanunun aliliyi, ədalət, həm də münaqişə sonrası münasibətlərin normallaşmaşı baxımından önəmini nəzərə alaraq, beynəlxalq ictimaiyyətin bu məsələdə rolunun vacib xarakter daşıdığını vurğulayıb.

Məktubda, 1990-cı illərin əvvəllərində itkin düşmüş minlərlə azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün Ermənistanın əlində olan bütün məlumatları təqdim etməyə məcbur edilməsinə dair BMT Baş katibinə çağırış edilir.

Leave a ReplyCancel reply