Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən Media Reyestri ilə bağlı qaydalar layihəsi və jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi hazırlanıb.
TIME Trend-ə istinadən bildirir ki, bunu MEDİA-nın şöbə müdiri Natiq Məmmədli deyib: “Media subyektləri üçün nəzərdə tutulan şəhadətnamələrin nümunələri hazırdır. Eyni zamanda, jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi də hazırdır”, – deyə N.Məmmədli qeyd edib.
N.Məmmədli əlavə edib ki, bu sənədlərin ilkin versiyası hazırlanıb və müvafiq olaraq qurumlarla müzakirə olunmaqdadır.
Bununla yanaşı, Media Reyestri ilə bağlı qaydalar layihəsinin artıq hazır olduğu bildirilib: “Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır” -, deyə N.Məmmədli qeyd edib.
N.Məmmədli media subyektlərinin reyestrə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib.
“Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilati-hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Sərəncamda qeyd olunduğu kimi, qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq”, – deyə o qeyd edib.