Azərbaycan vətəndaşlarının Ukraynadan Vətənə təxliyyəsi davam edir – ƏLAQƏ NÖMRƏLƏRİ

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ölkəmizin Ukraynadakı səfirliyinin diplomatlarının Kiyev şəhərindən Lvov şəhərinə köçürülməsi barədə məlumat yayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəli şəraitlə bağlı olaraq bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçürülüblər.

Müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı Azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar: 

+380 73 5050000
+380 99 408 99 43

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir. Belə ki, XİN-in rəsmi məlumatına əsasən, 8 mart 2022-ci il tarixinədək Azərbaycana 4375 nəfər (son sutka ərzində 1237 nəfər olmaqla) təxliyə edilib. Onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298 nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib.

Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub. Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edir.

Leave a Reply