Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə qiymət artımına qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında qərar imzalayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
1.1. inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması məqsədilə:
1.1.1. minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayda bir dəfə məlumat verməlidir;
1.1.2. minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir;
1.1.3. minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir;
1.1.4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunmasına dair lazımi tədbirlər görməlidir.
1.2. daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
2. 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə razılaşdırılmış təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayda bir dəfə məlumat verməlidir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
5.1. zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının və haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər görməlidir;
5.2. əhalinin sosial rifahının qorunması sahəsində görülmüş işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə rübdə bir dəfə məlumat verməlidir.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızlarının buraxılışı istiqamətində lazımi tədbirlər görməlidir.
7. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilməlidir:
7.1. inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində zəruri siyasət tədbirləri həyata keçirməlidir;
7.2. inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görməlidir.
8. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə qlobal ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
9. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Sənəddə qeyd edilib ki, 2022-ci ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətartırıcı amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
İnflyasiyanın xərc amillərinin qiymətlərə ötürücülüyünün artdığı, idxal olunan məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı və əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.