Teleefirdə qaynanasını öldürdüyünü etiraf edən gəlin sevgilisini müdafiə edirmiş

Teleefirdə qaynanasını öldürdüyünü etiraf edən Əfsanə Cəfərovanın sevgilisi Seymur Cəfərovu müdafiə etmək məaqsədi ilə yalan danışdığı məlum olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 1962-ci il təvəllüdlü  Faxrəndə ibrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə Azərbaycan Respublikası Baş prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.

İstintaqla 1992-ci il təvəllüdlü, Yevlax rayonunun Bəydilli kənd sakini Cəfərov Seymur Elxan oğlunun 22.02.2020-ci il tarixdə saat 01 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən, onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qaynanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Cəfərov 08.02.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri  seçilib.

Bundan başqa, əvvəlki illərdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib.

Müəyyən edilib ki, 2011-ci ildə Şabran rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyeva oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürülüb.

Elvin Dadaşov Şabran rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını etiraf edib və meyiti basdırdığı yeri göstərib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə qeyd edilən ərazidə qazıntı işləri aparılmış və həmin yerdən insan skeleti sümükləri aşkar edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət  Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Prokurorluq və polis orqanları tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.

Leave a Reply