Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.
Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:
Azərbaycan Respublikasının Prezidentinə – Agentliyin yenidən təşkil və ləğv edilməsi tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə – Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması; Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi; “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi həvalə edilib.
Bakı Şəhər İcra Hakimiyyətinə – yuxarıda göstərilən bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Fərmana əsasən, agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti – Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir; bu Fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir; bu Fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.