Azərbaycanda 5 ildən çox yaşayan onkoloji xəstələrin sayı artıb

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli pandemiya dövründə əhalinin həssas qrupuna aid olan onkoloji xəstələrin müalicə bitdikdən sonra COVID-19 əleyhinə vaksin vurdura bildiklərini qeyd edib.

Azad müəllim, hazırda Azərbaycanda qeydiyyata alınmış neçə onkoloji xəstə var?

Təəssüf ki, bütün dünyada olduğu kimi Azərbaycanda da onkoloji xəstəliklərə tutulmuş insanların sayı artmaqdadır. 2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595 nəfər birincili onkoloji xəstə kimi düşüb. Bunlardan birinci-ikinci mərhələdə 4575 nəfər, üçüncü mərhələdə 3876, dördüncü mərhələdə 3144 nəfər olub.

Lakin burada demoqrafik göstəricilərə də nəzər salmaq lazımdır. Xərçəng xəstəliklərinin sayı demək olar ki, ölkə əhalisinin sayı ilə paralel artır. Demoqrafik göstəricilərlə müqayisəli götürsək, artım olan yerdə istər-istəməz onkoloji xəstəliklərdə də artım müşahidə olunur. Müvafiq göstəriciləri qonşu ölkələrin statistik məlumatları ilə müqayisə etsək, deyə bilərik ki, respublikamızda xərçəng xəstələrinin sayı o qədər də çox deyil.

Onkoloji xəstələrin aşkarlanması ilə bağlı vəziyyət ölkəmizdə necədir?

Hazırda onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır. Belə ki, əgər 2016-cı ildə 17 min 166 nəfər 5 il və 5 ildən artıq yaşayanlar idisə, 2020-ci ildə bu göstərici 19 min 766 nəfər olub. Bu da qabaqçıl tibbi avadanlıqların olması, müasir müayinə, müalicə üsullarının tətbiqi, müalicədə protokolların istifadə olunması xəstəliyin sağalmasına, xəstənin vəziyyətinin yaxşılaşmasına xeyli təsir göstərib. Xəstəliyin erkən mərhələsində həkimə müraciət etməyi məsləhət görürəm, çünki bu, xərçəngin bəzi formalarından şəfa tapmaq ehtimalını xeyli artırır.

Xərçəngin və onkologiyanın yaranmasının əsas səbəbləri hansılardır?

Onkoloji xəstələrin sayının artmasında ekologiya problemləri, qida rejimi, yeyinti məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin çoxalması mühüm rol oynayır.

Onkoloji xəstələrin müalicəsi necə aparılır?

Milli Onkologiya Mərkəzində müasir protokollar (Avropa, Amerika protokolları) əsasında iş qurulub. Buna görə də xəstənin diaqnozu təsdiqləndikdən sonra onkoloji konsilium keçirilir. Bu, müəyyən bir xəstənin müalicəsi üçün optimal taktika və strategiyanın hazırlanması məqsədilə keçirilən üç həkimin (cərrah, kimyaterapevt, radioloq) konsiliumudur. Bütün onkoloji xəstələrdə həmin həkimlərin rəyləri mütləqdir. Həmçinin də digər tibb müəssisələrində belədir. Digər tibb müəssisələrində hər hansı bir müayinə vaxtı xəstənin hansısa bir orqanında şübhəli proses getdiyi aşkarlanır, yəni şişə şübhə var. Ya onlar özləri yoxlayırlar, ya da bizim mərkəzə yönləndirirlər. Bizə göndərdikdə onları tam yoxlayırıq histologiyasına qədər təsdiqləndikdən sonra xəstələri mərkəzdə müalicələrə cəlb edirik. Dünyada ən vacib proqramlardan hesab olunan skrinninq proqramına uyğun olaraq, onkoloji xəstələrdə tibbi müayinələr aparılır. Burada söhbət profilaktik baxışdan və xəstələrin vaxtında aşkarlanmasından gedir.

İnanın mənə, xərçəng sözündən qorxmaq lazım deyil, çünki xərçəng erkən mərhələdə aşkar ediləndə müalicə olunan xəstəlikdir. Xəstəliyin qarşısının alınması üçün profilaktiki tədbirləri vacib sayıram. Xərçəng elə bir xəstəlikdir ki, ondan heç kəs sığortalanmayıb. İnsanlarda belə bir rəy formalaşıb ki, guya onkologiya diaqnozu həyatın sonu deməkdir. Əslində isə bu diaqnozla bir neçə on il yaşayan insanlar var və onların sayı az deyil. Bu xəstəlikdən qorunmaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır. Təəssüf ki, insanlar ancaq bu xəstəlik şiddətlənəndə və III-IV mərhələyə keçəndə ondan xəbər tuturlar.

Onkoloji xəstələr COVID-19 vaksini vurdura bilərmi?

Yaşından, maddi durumundan və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq onkoloqun görüşünə gələn hər kəs həkimdən dəhşətli bir xərçəng diaqnozu eşitməkdən ən çox qorxur, ancaq onkologiyadan da təhlükəli xəstəliklər var. Bütün dünyada hazırda koronavirus tüğyan edir, o cümlədən də bizim respublikamızda. Hazırda bütün dünya peyvənd olunur. Ölkəmizdə aparılan vaksinasiya prosesi dünyada aparılan uğurlu vaksinasiya kampaniyalarından biridir. Təəssüf ki, bəzən sosial şəbəkələrdə “ekspertlər”in səsləndirdiyi əsassız fikirlər insanları çaşdırır. Hesab edirəm ki, vətəndaşlar rəsmi səhiyyə qurumlarının təmsil edən ekspertlərinin tövsiyələrinə əməl etməlidirlər. Sürətlə yayılan virusdan qurtulmaq istəyiriksə, vaksinasiya prosesində aktiv iştirak etməliyik.

O ki qaldı onkoloji xəstələrin peyvəndləməsi ilə bağlı suala, bildirmək istəyirəm ki, yaxın zamanlarda əməliyyat keçirən, yaxud əməliyyatdan sonrakı dövrdə olan onkoloji xəstələr vaksin oluna bilməz. Həmçinin kimyaterapiya müalicəsi alan, ya da hazırda şüa terapiyası şöbəsində müalicə olunan onkoloji xəstələrə vaksin tövsiyə olunmur. Müalicə bitdikdən sonra onlar da peyvənd oluna bilərlər. O cümlədən də pasient uzun müddətdir onkoloji xəstə kimi qeydiyyatdadır, niyə peyvənd olunmasın? Hesab edirəm ki, mütləq COVID-19-a qarşı peyvəndlənməlidir.

Leave a Reply