Hava 15 dərəcə istidən sonra kəskin dəyişəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Fevralın 4-ü axşam saatlarından etibarən havanın kəskin dəyişəcəyi proqnozlaşdırlır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununda 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Fevralın 05-də arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 3-8° isti olacaq.

Fevralın 04-ü axşam qərb rayonlarından başlayaraq 06-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Leave a Reply