Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni svetoforlar quraşdıraraq, parklanmaya nəzarəti gücləndirib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Yusif Vəzir Çəmənzəminli ilə Səməd Vurğun küçələrinin kəsişməsini, eləcə də Səməd Vurğun ilə Ak.Həsən Əliyev küçələrinin kəsişməsini əhatə edir.
Agentliyin mütəxəssisləri tərəfindən hər iki yol kəsişməsinə baxış keçirilmiş, ümumi nəqliyyat şəraiti təhlil edilmiş, sutkanın pik saatlarında nəqliyyat vasitələrinin say tərkibi öyrənilmişdir.
Həyata keçirilən layihə nəticəsində:
Y.V.Çəmənzəminli və Səməd Vurğun küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılaraq hərəkət növbəliliyi təmin edilib;
S.Vurğun və Ak.H.Əliyev küçələrinin kəsişməsindən birbaşa sola icazə verilərək nəqliyyat vasitələrinin Y.V.Çəmənzəminli küçəsinə istiqamətlənib əlavə məsafə və zaman sərf etməsinin qarşısı alınıb;
Həmçinin hər iki kəsişmədə müvafiq yol nişanları quraşdırılmış, kəsişmələrdə və kəsişmələrin yaxınlığında xaotik parklanmaya nəzarət gücləndirilib.