Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVID-19 virusuna yoluxma və vaksinasiya səviyyəsi ilə bağlı ətraflı statistika təqdim edib. Son bir həftə ərzində yoluxma sayı 2 dəfəyədək artıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, rəsmi statistikaya əsasən hazırda Azərbaycan əhalisinin 52% COVID-19 əleyhinə vaksinasiya olunub.

COVID-19 infeksiyasına yoluxma hallarının sayı yanvar ayının əvvəlinə nisbətən 2 dəfəyədək artaraq 8005 nəfər təşkil edir, lakin ötən ilin noyabr ayı ilə (26490 nəfər) müqayisədə 4 dəfədən çox aşağıdır, bu onu göstərir ki, epidemioloji vəziyyət nəzarətdədir və kritik deyil.

Azərbaycan üzrə COVID-19 infeksiyasına yoluxma halları ən çox Bakıda (52,3%), Abşeronda (13,3%), Aranda (12,9%), Gəncə-Qazax zonasında (7,7%) müşahidə olunur.

Bakı şəhərində COVID-19 infeksiyasına yoluxma halları daha çox Binəqədi (14,5%), Xətai (13,5%), Yasamal (11,8%), Sabunçu (11,6%) rayonlarında müşahidə olunur. Qeyd edək ki, Yasamal rayonunda statistikaya görə yoluxma sayı 4 dəfədən çox azalıb, paytaxtın digər rayonlarında isə yoluxma sayı təxminən 2 dəfəyədək artıb.

Yoluxanların yaş qruplarına görə bölgüsü göstərir ki, hazırda yoluxma sayı daha çox (22%) 30-39 yaş hədində olan insanlar arasında müşahidə olunur. Yoluxanların 16% 50-59 yaşda olanlar, 15% 20-29 yaşında , 15% 40-49 yaşında, 14% isə 60-69 yaşında olanlardır. Azyaşlı uşaqlar, yeniyetmələr və gənclər arasında yoluxma səviyyəsi 3-8% təşkil edir. Ahıl insanlar arasında yoluxma səviyyəsi 2-5% ötmür.

Yoluxanların statistikasına əsasən qadınların sayı daha çoxdur (51%), kişilər isə müvafiq olaraq 49% təşkil edirlər.
