Münəvvər Kələntərlinin yubileyidir

Bu gün, yanvarın 27-də, “Arşın mal alan”da Cahan xala, “Bəxtiyar”da Gülzar, “Görüş”də kolxoz sədri Münəvvər,  “Əmək və qızılgül”də Sona, “Qızmar günəş altında”da Gülbahar, “Kölgələr sürünür”də Məsmə və s. obrazların ustad ifaçısı, teatr və kino aktrisa, Əməkdar artist Münəvvər Kələntərlinin yubileyidir – 110 yaşı tamam olur.

TIME Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) məqaləsinə istinadən bildirir ki, Münəvvər Kələntərlinin səhnə fəaliyyəti 17 yaşından başlayıb. Xanəndə qardaşı Haşım ilə birgə konsertlərdə xalq mahnılarını, eyni zamanda tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun və qarmonçalan Teymur Dəmirovun müşayiəti ilə muğamları ifa edirmiş. Onun səs imkanlarından  xəbər tutan bəstəkar Müslüm Maqomayev 1933-cü ildə gənc ifaçını Opera Teatrına dəvət edir. Təklifi dəyərləndirən gənc ifaçı Opera Teatrında bir müddət çalışsa da, sonralar arzusuna əsasən Musiqili Komediya Teatrında fəaliyyətinə davam edir.

O, Musilqi Komediya Teatrının səhnəsində “Hacı Kərimin Aya səyahəti”ndə Kəblə Fatma, “O olmasın, bu olsun”da Sənəm, “Gözün aydın”da Gövhər, “Qızılaxtaranlar”da Xədicə, “Ulduz”da Tamam və b. obrazları ustalıqla yaradıb.

Aktrisanın yaradıcılığında müğənnilik, teatrdakı fəaliyyəti mühüm rol oynayıb. Ancaq kino onun üçün bir başqa dünya idi. Çünki Münəvvər Kələntərlinin Azərbaycan xalqı tərəfindən sevilməsində, ümumiyyətlə götürdükdə isə keçmiş SSRİ məkanında tanınmasında kino fəaliyyəti xüsusi yer tutub.

Böyük Vətən müharibəsinin ən qaynar çağında çəkilişləri başlayan, Rza Təhmasibin quruluşunda çəkilən “Arşın mal alan” filmindəki Cahan xala obrazı onun kinoya ilk gəlişidir. O zaman aktrisa 32 yaşında olub.

Xatırladaq ki, filmdəki aktyorların hər biri Üzeyir Hacıbəyovun seçimi ilə müəyyənləşib. 1946-cı ildə filmə Moskvada ictimai baxış keçirildi. Filmdəki ifası və əlbəttə ki, ilk obrazı ilə SSRİ məkanında tanınan aktrisa dövrün ən yüksək mükafatına-SSRİ Dövlət Mükafatına layiq görülüb. Bu filmdən sonra kinostudiyada çəkilən filmlərin əksəriyyətində maraqlı rollara imza atan aktrisa üçün sənət meydanında maraqlı bir dövrün başlanğıcı kimi yadda qalıb. Aktrisa 10-dan çox bədii filmə, bəlkə də bir o qədər də qısametrajlı filmlərə, sənədli filmlərə çəkilib.

Yeri gəlmişkən, aktrisa ilə yaratdığı obrazlar arasında olan bənzərlik də heç bir zaman diqqətdən qaçmayıb. Bəlkə də rejissorlar bilərəkdən onu özünə bənzəyən obrazlara çəkiblər.

“Arşın mal alan” filmindəki xala obrazında olan mülayimlik, səmimiyyət, “Bəxtiyar”dakı Gülcahanda olan qohumluq bağlarını qabartmaq, “Görüş”dəki Münəvvərə xas ötkəm xasiyyət, işini sevən, məsuliyyətli, lazım gəldiyi zaman sərt, bir o  qədər mülayimlik nümayiş etdirməsi və s. kimi məqamlar aktrisanın təbiətinə xas olan amillər idi.

Kino onun həyatının bir parçası olub, doğrudur zamanla film çəkilişlərində aldığı zədələrdən də qaçmaq mümkün deyildi, ancaq nə olur olsun hər zədə yeni yaranan bir sənət nümunəsindən xəbər verirdi. “O olmasın, bu olsun” filmindəki bir epizodu xatırlayaq:  M.Kələntərlinin qapının arasından baxdığı bir səhnə var, gəlin qaçdığı səhnə, orda qapı qəflətən açıldığı üçün aktrisa yıxılmış və nəticədə də barmağı sınıb.

1953-cü ildə aktrisa “Vətən” kinoteatrına direktor müavini təyin olunur. O dövrün kinotetarlarının fəaliyyətindən məlumdur ki, çox qaynar iş sistemi olub. Məhz qaynar iş sisteminə görə Münəvvər Kələntərli sevimli teatrından ayrılmalı olur, ancaq film çəkilişlərinə olan bütün dəvətləri qəbul edirdi.

…Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib. 51 yaşını mənalı yaşayan aktrisa özünü xoşbəxt sənətkar hesab edib. Ona bu hissi yaşadan isə xalq sevgisi idi. İllər keçdi ancaq Münəvvər Kələntərli yaradıcılığına olan həvəs, sevgi tükənmədi, əksinə daha da artdı.

“Azərbaycan teatrının, kinosunun görkəmli aktrisası Münəvvər Kələntərlini 110 illik yubileyində böyük sevgi, hörmət və ehtiramla yad edirik!”, – deyə AKİ aktrisanın xatirəsinə həsr edilmiş məqalədə qeyd edib.

Leave a Reply Cancel reply