Mədəniyyət Nazirliyi “Azercell” şirkətinə təşəkkürünü bildirib

Yanvarın 25-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Azercell” MMC-nin prezidenti Zərinə Zeynalova ilə görüş keçirib. Görüş zamanı Elnur Əliyev “Azercell”in 2021-ci il ərzində dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına xüsusi yanaşmasına görə şirkətin prezidentinə təşəkkürünü bildirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2021-ci il ərzində “Azercell”in dəstəyi ilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audiomateriallar “Azercell”in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq “Bookmate” əlavəsinə yüklənilib. Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn olunub. Nizami yaradıcılığını əks etdirən əlifba dahi şairin zəngin irsinin öyrənilməsinə və təbliğinə xidmət edir.

Maraqlı üslubda hazırlanmış əlifbanın hərfləri dahi Nizaminin “Xəmsə”sinə daxil olan poemaların qəhrəmanlarını, bu əsərlərdəki məşhur obrazları və şairin həyatında xüsusi rolu olmuş insanları əks etdirir. Məsələn, “A” hərfi şairin ilk həyat yoldaşı, qıpçaq gözəli Afaqı, “B” hərfi “Yeddi gözəl” poemasındakı Sasani hökmdarı Bəhramı, “F” hərfi isə məşhur Fitnəni, “İ” hərfi qüdrətli sərkərdə İskəndəri tərənnüm edir. Hərflərin hər biri adları çəkilən obrazlara uyğun miniatürlərlə bəzədilib.

Təqdimat mərasimində Elnur Əliyev diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami İli” elan edilməsi dövlətimizin, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. “Nizami İli” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açan Elnur Əliyev dedi: “Xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir”.

Daha sonra Elnur Əliyev “Azercell” şirkətinin prezidenti Zərinə Zeynalovaya “Nizami Gəncəvi-880” xatirə nişanını təqdim etdi.

Leave a Reply Cancel reply