Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə 2022-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanları ilə əlaqədar canlı yayım keçirilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, canlı yayımda Mərkəzin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova, Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva, Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə, Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektorun müdiri Aydın Qasımov imtahanlar barədə ətraflı məlumat verəcək və daxil olan sualları cavablandırıblar.
DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə qeyd edib ki, abituriyentlər imtahanların dəqiq tarixinə, qrafikinə fikir verməlidir.
O bildirib ki, elə hallar olur, şagirdlər bir rayonda yaşayır, lakin başqa rayonda yerləşən məktəbdə təhsil alır. Bu zaman abituriyentlər hansı rayonda təhsil alırsa, o rayona təyin olunan gündə imtahan verəcəklər.
DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib ki, tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək.
“Dərslikləri oxumaqla yanaşı, imtahana hazırlaşanlar OTK.az saytında onlayn sınaq imtahanında iştirak etsin, I-XI siniflər üzrə DİM tərəfindən tapşırıq nümunələri kitabçalarına baxsınlar”, – deyə o əlavə edib.
DİM-in şöbə müdiri Nərminə Bayramovanın sözlərinə görə, bu il magistraturaya qəbul imtahanlarının iki dəfə keçirilməsi planlaşdırılır.
“Pandemiya şəraitində olduğumuz üçün qaydalara müəyyən dəyişikliklər ola bilər. Tələbələr 1-ci imtahanda iştirak etməyə çalışmalıdır. Müəyyən obyektiv və subyektiv səbəblərə görə imtahan 2-ci dəfə keçirilməsə, DİM-i ittiham etməsinlər”, – deyə o əlavə edib.
Qeyd edək ki, magistraturaya 1-ci qəbul imtahanının fevral ayının 20-də keçirilməsi nəzərdə tutulur.