Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib.
TIME bildirir ki, nazir bu barədə öz “Twitter” səhifəsində şəhidləri hörmətlər andığını qeyd edib.
“Qardaş Azərbaycanın azadlıq yolunda tarixə qeyd edilmiş ən acı xatirələrindən olan 20 Yanvar şəhidlərini rəhmət və hörmətlə anıram. Tək Millət, tək Ürək, tək Can, Türkiyə-Azərbaycan”.-deyə paylaşımda bildirilir.
Eyni zamanda, Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter”dəki paylaşımında Türkiyənin Azərbaycanla birlikdə olmağa davam edəcəyi deyilir:
“1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş vermiş Qara Yanvar kimi tanınan qırğında şəhid olan qardaş və bacılarımızın xatirəsini anırıq. “Bir Millət, İki Dövlət” olaraq azərbaycanlı qardaşlarımızla yaxşı gündə də, pis gündə də birlikdə olmağa davam edəcəyik”.
Bununla yanaşı, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Trend-ə açıqlamasında deyib ki, 20 Yanvar faciəsi qəhrəman Azərbaycan xalqının müstəqilliyi və vətən torpaqlarının bütövlüyü üçün ayağa qalxdığı gündür.
O bildirib ki, 20 Yanvar hadisələri sovet ordusunun Bakı və digər şəhərlərdə Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə cinayətdir.
“Allaha şükürlər olsun ki, üçrəngli bayrağın altında var olan Azərbaycan 44 günlük Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dəmir iradəsi və liderliyi ilə bu gün artıq bölgədə və dünyada qibtə olunan bir dövlətə çevrilib”, – deyə Y.Topçu bildirib.