Azərbaycan Mədəniyyət Nazirliyi Qarabağa Böyük Qayıdış layihəsi çərçivəsində Heydər Əliyev Fondu və Şuşa qoruğu ilə birlikdə 3 məscid və 3 kilsənin bərpasına öz töhfəsini verəcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu haqda bəhs edərək mədəniyyət naziri Anar Kərimov il ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlərin həyata keçirildiyini bildirib.
Qeyd etdi ki, işğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Bu monitorinqlərin nəticələri beynəlxalq instansiyalara təqdim olunacaq.
Məlum olduğu kimi, dövlət başçısı tərəfindən 2022-ci il ölkəmizdə mədəniyyət paytaxtımızın 270 illiyi şərəfinə “Şuşa İli” elan edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Mədəniyyət Nazirliyi bir sıra dövlət qurumlarının rəylərini nəzərə almaqla əlamətdar il münasibətilə tədbirlər planı hazırlayacaq.
Nazir onuda bildirib ki, Qarabağımıza mədəniyyətin qaytarılması üzrə aparılan işlər çərçivəsində nazirlik Zəfər və İşğal muzeylərinin yaradılması üzrə fəaliyyətə başlayıb. Ağdam, Füzuli və Cəbrayıla səfəri zamanı Prezident İlham Əliyev bu muzeylərin təməlini qoyub: “Mədəniyyətin Qarabağa qaytarılması” layihəsi çərçivəsində digər çoxsaylı layihələr də var ki, nazirlik olaraq öz töhfəmizi verməyə çalışırıq. Bu töhfələrdən biri də Heydər Əliyev Fondu və Şuşa qoruğu ilə birlikdə 3 məscid və 3 kilsənin bərpasıdır”.