Prezident İlham Əliyev: Tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalıb

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri bu gün ölkəmizin tanınmış neft maqnatı, milyonçu və xeyriyyəçi Zeynalabdin Tağıyevin abidəsinin açılışında çıxış edərkən deyib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, o çıxışında Zeynalabdin Tağıyevin Azərbaucanın inkişafında oynadığı böyük rol haqda bəhs edib və onun həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrdən bəhs edib.

Prezident İlham Əliyevin
çıxışı

– Bir neçə dəqiqə bundan əvvəl Zeynalabdin Tağıyevin abidəsinin açılışını qeyd etdik. Abidə metronun girişinə yaxın olduğuna görə insanlara problem yaratmamaq üçün mən əziz xalqımı bu münasibətlə buradan təbrik edirəm.

Bu abidənin açılması çox əlamətdar hadisədir. 2020-ci ildə mənim tərəfimdən Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir. Ondan sonra mənə abidənin ucaldılması üçün bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir.

Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Deyə bilərəm ki, müsəlman aləmində ilk dünyəvi məktəb məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin vəsaiti və təşəbbüsü ilə yaradılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev olmuşdur. Biz Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini görə bilərik. Baxmayaraq ki, o, kasıb ailədə doğulub və o dövrün mühitində böyüyüb, amma Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır. Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü. Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynayıb. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olub. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılıb.

Zeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş və eyni zamanda, bu sahədə də təşəbbüskar olub. İlk dəfə olaraq Qurani-Kərim Azərbaycan dilinə tərcümə edilib. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunub. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun pulu hesabına məktəblər açılıb.

Yəni, onun haqqında çox danışmaq olar. O, böyük şəxsiyyət idi, xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan idi. Onu da bildirməliyəm ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoyub. Bu ənənələr sovet dövründə təbii ki, davam etmədi. Onu da bildirməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti onu bütün imkanlardan məhrum etmişdir, bütün onun əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər yaşadı. O, uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi.

Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət alıb. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılıb və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilib.

Yəni, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu yaradılıb. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm Yaşat Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olub. Sadəcə olaraq, buna şərait yaradılmalı idi, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi və bu gün biz bunu görürük.

Mən Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışam. Hələ 2000-ci illərin əvvəllərində, – mən hələ Prezident deyildim, – onun qəbrinin yerləşdiyi Pirhəsən ziyarətgahı mənim təşəbbüsümlə abadlaşdırıldı və qəbrin ətrafında olan ərazi yeni görkəm aldı. Prezident seçiləndən sonra dərhal mənim təşəbbüsümlə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edildi, həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı, eyni zamanda, Tarix Muzeyində bizim tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar nümayiş etdirilir.

Bu gün mən çox şadam ki, Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldılıb. O, buna layiq idi. Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır.

Bir daha əziz xalqımı bu münasibətlə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma