Ötən ay hansı məhsulların qiymətində artım müşahidə olunub?

Ötən ilin son ayında ölkə ictimaiyyətin narazılığına səbəb olan qiymət artımlarından biri çörəyin bahalaşması olub. İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu ayın əvvəlində istehsalçı şirkətlərlə keçirdiyi görüşdən sonra 500 qram çəkisində olan ənənəvi dairəvi çörəyin qiyməti 50-65 qəpik müəyyən edildi. Hazırda yerli bazarda böyük tələbat olan 500 qram çəkidə ənənəvi dairəvi çörəyin qiyməti əksər supermarketlərdə və kiçik marketlərdə 65 qəpikdir, 400 qram çəkidə olan “Sadə” və “Extra” növ doğranmış baton çörəklərinin qiyməti isə 75-80 qəpikdir (noyabr ayı ilə müqayisədə 10-15 qəpik artım).

TIME Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirir ki, 2021-ci ildə istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 106,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 faiz təşkil edib.
2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz,
əvvəlki ilin dekabr ayına nisbətən 112,0 faiz təşkil edib.

2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 115,8
faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha
çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün,
toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə
olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və
günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun,
qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin,
şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, ucuzlaşma
isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində
müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş
verməyib.
2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi
əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 107,7 faiz təşkil etmişdir.
Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox
bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının,
noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil
telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının
qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 110,0
faiz təşkil etmişdir. Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş
ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana və kosmetoloji
xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların
təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə
beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli
xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Leave a Reply