Aqrar sahədə ting idxalını azaldan biotexnologiyalar tətbiq edilir

Yeni biotexnologiya laboratoriyasının qarşısında duran əsas məqsəd illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı “Systemseparation MMC” şirkətinin rəhbəri İndrek Vaasma ilə görüşdə İnstitutun fəaliyyəti, icra olunan yeni layihələr, laboratoriya və istixananın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Qonağın diqqətinə çatdırılıb ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Yeni biotexnologiya laboratoriyasının qarşısında duran əsas məqsəd illik ting istehsalını 2 milyon ədədə çatdıraraq xaricdən ting idxalının qarşısını almaqdır.

Estoniyalı mütəxəssislərə Azərbaycanda ilk dəfə müasir texnologiyaların tətbiq olunduğu “Ağıllı bağ” haqqında da məlumat verilib. Bildirilib ki, ilk dəfə icra olunan bu layihədə 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edir, aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunur.

Görüşdə fenoloji aktiv maddələrin tətbiqinin nəticələri də müzakirə edilib.

Leave a Reply