Qarabağda tarixi və mədəni abidələrin mühafizəsi istiqamətində hansı tədbirlər görüləcək?

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti mətbuat konfransı keçirib.

TIME Trend-ə istinadən bildirir ki, konfransda jurnalistlərə Dövlət Xidmətinin 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair məlumatlar verilib.

Konfransda bildirilib ki, 2021-ci il ərzində Azərbaycanda 110 tarix-mədəniyyət abidəsinin pasportu və 72 abidənin mühafizə zonası təsdiq edilib.

Qeyd olunub ki, mədəni irsin qorunması işinin kompleks şəkildə təşkil edilməsi məqsədilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri davam etdirilib.

Hazırda isə daha 155 abidənin pasportu, abidələrin mühafizə zonaları üzrə isə 108 layihənin hazırlanması üzərində iş aparılır. Pasportu hazırlanan abidələrin 42-si və mühafizə zonası hazırlanan abidələrin isə 10-u işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin payına düşür.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib ki, Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb.

Onun sözlərinə görə, sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələr öz əksini tapıb: “Bunlar işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyasıdır”.

Qeyd edilib ki, Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Eyni zamanda, Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu hazırlanıb. Bununla əlaqədar “Şuşa-Azərbaycan Mədəniyyətinin Paytaxtı” adlı nəşrin çap olunması ilə bağlı işlər aparılır.

Şuşa və Ağdam şəhərində yerləşən abidələr monitorinq olunub, təxirəsalınmaz mühafizə işlərinin aparılması zəruri olan bir sıra xüsusi əhəmiyyətə malik abidələr müəyyən edilmiş və onların siyahıları hazırlanıb.

Dövlət Xidmətinin əməkdaşları tərəfindən mövcud xəritə və arxiv sənədlər əsasında Şuşa şəhəri ərazisində yerləşən abidələr inventarlaşdırılaraq mövcud vəziyyətlərinə uyğun təsnifatlaşdırılıb, həmçinin koordinatları dəqiqləşdirilmiş və fotoşəkilləri çəkilib.

Qurumunn rəsmisi onuda qeyd edib ki, abidələrin mühafizə zonalarının zəbt edilməsi və özbaşına tikinti işlərinin aparılması ilə bağlı ötən il ərzində bir sıra faktlar aşkar olunaraq qarşısı alınıb.

Onun sözlərinə görə, abidələrin qəsdən korlanma və ya məhv edilməsi ilə bağlı aşkar olunmuş 7 halla bağlı hüquq mühafizə orqanlarına, 12 halla bağlı isə yerli icra hakimiyyəti orqanlarına müraciət olunub.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi tədbirləri çərçivəsində dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib;

Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb;
864 mədəniyyət müəssisəsinə baxış keçirilib. Onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur;
Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.

Azad Cəfərli onuda qeyd edib ki, azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “Yol Xəritəsi” sənədi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

“İnfrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin qorunması üçün qabaqlayıcı mühafizə tədbirlərinin təmin edilməsi məqsədilə elektron xəritələr tərtib edilib və aidiyyəti orqanlara təqdim edilib”, – əlavə edib.

Bununla yanaşı, Ağdam, Cəbrayıl və Füzuli rayonlarında Zəfər muzeyi və açıq hava altında təşkil ediləcək İşğal muzeyi ilə bağlı konsepsiya sənədlərinin hazırlanması üçün Dövlət Xidmətinin əməkdaşları müvafiq orqanlarla birlikdə əraziyə baxış keçirib. İşğal muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq təkliflər təqdim edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli rayonlarının Baş Planı – Ərazilərin bərpası və yenidən qurulması üzrə dayanıqlı inkişafa dair Şəhərsalma Konsepsiyası ilə bağlı müvafiq rəy Dövlət Xidməti tərəfindən hazırlanıb və aidiyyəti üzrə göndərilib.

Eyni zamanda, Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin. Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr hazırlanıb, Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub.

Dövlət Xidmətinin rəisi gələcək planlar haqda bəhs edərək bildirib ki, bu il abidələrin bərpası ilə bağlı mərkəzin yaradılması nəzərdə tutulur.

Onun sözlərinə görə, mərkəzdə bərpa prosesinə cəlb olunan şəxslərə təlimlər keçiləcək.

“Məqsəd bərpa prosesində iştirak edən hüquqi şəxslərin gənc mütəxəssilərinin ən qabaqcıl yanaşmaları və cərəyanları bilməsini təmin etməkdir. Bu gün 3D lazerlər vasitəsilə abidənin tam formasını, laboratoriya şəraitində onun hansı əsrə aid olmasını müəyyən etmək mümkündür. Bu il inanıram ki, bərpa mərkəzini yarada biləcəyik. Hətta adını Elmi Praktiki Təlim-Tədris Mərkəzi olaraq görürük. Bir tərəfdən məsələnin nəzəri əsaslarını aşılayacaq, digər tərəfdən isə praktiki olaraq həlli ilə bağlı vərdişləri öyrədəcək. Bura qabaqcıl ölkələrin və ya hüquqi şəxslərin təcrübəsini aşılaya biləcək mütəxəssisləri də cəlb etməyi planlaşdırırıq. Eyni zamanda kadr potensialımızıə zənginləşdirmək istəyirik” – deyə o bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma