Nigar Şıxlinskaya: “İnternetin gələcəyi insanların həyat keyfiyyətini yaxşılaşdıracaq rəqəmsal servislərə bağlıdır”

COVID-19 pandemiyası insanları canlı ünsiyyətdən, gündəlik iş rejimindən təcrid etmək kimi dəyişikliklərlə yanaşı həyatımıza bir sıra yeni vərdişlər də gətirdi. Son iki il ərzində bütün dünyada müşahidə edilən vəziyyət insanların məsafədən ünsiyyətə, təhsilə, işə və əyləncəyə olan tələbatını ödəmək üçün sürətli texnoloji sıçrayışa və texnoloji xidmətlərdən istifadənin xeyli artmasına səbəb oldu. Belə ki, e-kommersiya xidmətləri, online kinoteatrlar, distant təhsil platformaları, videokonfranslar və s. ola bilsin ki, yarandıqlarından pandemiya elan edilənədək  ən yüksək  tələbat dövrlərini yaşadılar və bu meyllər artıq həyatımızın bir hissəsi olaraq qaldılar. Beynəlxalq statistik məlumatlara əsasən əksər əyləncə məkanlarının bağlanması ilə dünyada mobil proqramların yüklənməsi 45% artdı və bu tendensiya əlbəttə ki, elektron ədəbiyyat bazarına da müsbət təsirini göstərdi. Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” MMC-nin Media ilə Əlaqələri Direktoru Nigar Şıxlinskaya  verdiyi müsahibədə qeyd edib ki, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi ilə bilavasitə bağlı olan yeni reallıq “Azercell”-in korporativ sosial layihələrində öz əksini tapıb.

Şirkətin rəsmisinin verdiyi məlumata əsasən, bu dövr “Azercell”-in “Bookmate” platforması və digər rəqəmsal alətlər vasitəsilə Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və populyarlaşdırılmasına yönəlmiş yeni layihələr həyata keçirildi.  

Nigar xanım, “Azercell” artıq bir neçə ildir ki, Azərbaycan ədəbiyyatının rəqəmsallaşdırılması məsələlərini diqqət mərkəzində saxlayır. Bu layihələrin başlanğıc nöqtəsi nədən ibarət olub və əsas məqsədi nədir?

İlkin mərhələdə “Bookmate” elektron kitabxanası və eyniadlı mobil tətbiqi ilə bağlı layihəyə start verdikdə, qarşımızda mobil cihazlardan fəal istifadə edən gənclər arasında mütaliəni populyarlaşdırmaq məqsədimiz var idi. O zaman mobil qurğular maariflənmə, və ya mədəni irsin öyrənilməsi kimi məqsədlərdən daha çox  ünsiyyət qurmaq və əyləncə üçün istifadə edilirdi. Smartfonlar qısa videolara baxmaq, sosial şəbəkələrdə vaxt keçirmək, işgüzar ünsiyyət qurmaq və oyunlar üçün istifadə edilirdi. Biz isə mobil cihazlarda oxu mədəniyyəti yaratmaq istədik. Gənclərdə “nə və harada oxumaq olar?” sualı yarandıqda onlar ilk növbədə smartfonlarına müraciət etməli olduqlarını bilməli idilər, çünki belə daha rahatdır – bir mobil cihazda “Bookmate” tətbiqindən istifadə edərək, demək olar ki, dünyanın bütün dillərində iki milyon kitab əldə edə bilərsiniz. Son illər ərzində “Azercell” şirkəti  adı çəkilən beynəlxalq tətbiqə Azərbaycan dilində 1036 kitab yükləyib. Eyni zamanda şirkətimiz getdikcə populyarlıq qazanan audiokitab kimi bir formata xüsusi diqqət yetirir. Bu günə kimi biz Azərbaycan dilində 300-dən çox audiokitab səsləndirib yükləmişik. Elektron kitabları yolda və ya evdə, günün istənilən vaxtında və dünyanın istənilən yerində oxumaq və dinləmək olar. Qeyd edim ki, “Azercell” hər il daha da böyük auditoriya cəlb edən bu tətbiqin köməyi ilə Azərbaycan mədəniyyətini və ədəbiyyatını dünyada tanıtmaq və təbliğ etməyə çalışır. Geniş imkanlara malik olan müasir online platforma vasitəsilə bu məqsədlərə nail olmaq operatorun rəqəmsal siyasəti ilə tamamilə üst-üstə düşür.

“Bookmate” tətbiqi ilə əməkdaşlığımızın daha bir önəmli elementi isə Azərbaycanın  gənc yazıçılarına dəstəyin göstərilməsidir. “Azercell”-in 60 əsər əsasında hazırladığı ilk audiokitablar toplusuna təkcə dünya və Azərbaycan ədəbiyyatının klassik əsərləri deyil, həm də müasir müəlliflərin əsərləri daxil edilib. Əlavə olaraq, gənc yazarlarla “Bookmate” platforması ilə işləmək üçün bir model yaratmışıq və bu prosesdə yalnız vasitəçi kimi çıxış edirik, onları birbaşa “Bookmate” ilə əlaqələndirməyə çalışırıq ki, orada öz əsərlərini yerləşdirərək geniş ictimaiyyətə çatdırsınlar və təbii ki, gəlir əldə etmək imkanları olsun. Tətbiq üçün simvolik abunə haqqı ödənilir və “Azercell” layihəni kommersiya layihəsi kimi qiymətləndirmir, biz bu layihəyə tamamilə sosial layihə kimi yanaşırıq və yaxın zamanda platformanın ölkəmizdə 100 minə çatan abunəçilərinin sayının günü-gündən artması ilə fəxr edirik.

Müşahidələrimizə görə “Bookmate” platformasında  fəaliyyətiniz ildən-ilə genişlənir, bu günlərdə “Nizami Gəncəvi İlinə” həsr edilmiş daha bir iri miqyaslı layihə həyata keçirmişiniz, davamı olacaqmı?

Öncə qeyd etdiyim kimi, əsas amalımız mədəni irsimizin və mütaliə mədəniyyətinin təbliğidir. Təbii ki, böyük şair və mütəfəkkirin 880 illik yubileyi şərəfinə cənab Prezidentin sərəncamı ilə elan edilmiş Nizami Gəncəvi ili həm bu istiqamətdə işlərimizi davam etdirmək, həm də ölməz əsərlər əsasında 5 dildə unikal rəqəmsal məzmun yaradaraq onu hamı üçün əlçatan etmək baxımından şirkətimiz üçün yeni bir fürsət idi.  Elektron kitab və audiokitab layihəmiz çoxşaxəli və uzun müddətlidir, bu layihə üçün seçdiyimiz məzmuna diqqətlə yanaşırıq- həm klassik ədəbiyyat, həm də yeni əsərləri əhatə etməyə çalışırıq. Eyni zamanda, dövlət səviyyəsində baş verən hadisələr fəaliyyətimizə istiqamət verməyə kömək edir və həvəsləndirir. Məsələn, 2019-cu ildə Azərbaycanın ən görkəmli şairlərindən biri İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə şairin seçilmiş qəzəllərini üç dildə audiokitab formatında səsləndirərək  “Bookmate” tətbiqinə yüklədik. Ötən il xalqımızın mədəni irsini qoruyub saxlamaq məqsədilə vətənpərvərlik və qəhrəmanlıq tarixini özündə təcəssüm etdirən “Koroğlu” dastanı da audiokitab formatında “Bookmate” abunələrinin ixtiyarına verilib. Eposun 10 fəsli tanınmış jurnalist və səyahətçi-bloqer Azər Qərib tərəfindən səsləndirilib, bəzi fəsillər isə Vüsal Rzasoyun eksklüziv musiqi əsərləri ilə müşayiət olunub. “Koroğlu” audiokitabını gənc rəssamlar Bəxtiyar Zahidzadə və Zəhra Əzimzadənin bədii illüstrasiyaları müşayiət edib. Dastan üzərində iş Vətən Müharibəsi günlərində aparılırdı və paralel olaraq Azərbaycan Milli Kitabxanası ilə birlikdə Qarabağla bağlı məqalələri, elmi materialları, oçerkləri rəqəmsallaşdırırdıq. Hazırda onlar “Bookmate” kitabxanasında * .pdf formatında təqdim edilib.

Şərqin ən məşhur orta əsr şair və filosoflarından biri olan Nizami Gəncəviyə həsr olunmuş audiokitab üzərində iş onun əsərlərini rəqəmsal formatda və eyni zamanda bir neçə dildə dünya ictimaiyyətinə təqdim etməyi nəzərdə tuturdu. “Azercell” üçün bu böyük şərəf idi və iki il əvvəl Nəsiminin qəzəllərindən ibarət olan audiokitablar üzərində işlədikdə özünü müsbət tərəfdən göstərmiş  tərəfdaşlarımıza təşəkkür edirəm. Şairlərin yaradıcılıq irsi Teymur Nəcəfzadənin rəhbərlik etdiyi “ColorIT” Yaradıcılıq Emalatxanasının dəstəyi ilə “Bookmate” mobil tətbiqinə daxil edilib. Ölməz Nizaminin 40-dan çox əsərinin səsləndirməsində ​​bilavasitə tərcümə edilən dilin daşıyıcıları olan peşəkar aktyorlar iştirak ediblər. Əsərləri rus dilində Konstantin Qayçuk, fransızca David Duclos, ingiliscə Stiven Kinq, türkcə Batur Özdəmir oxuyub, Azərbaycan  dilində isə əsərləri Səməd Xatəmov ifa edib.

Audiokitabların hazırlanmasının özəlliklərindən biri də onların orijinal fon musiqisi ilə təqdim olunmasıdır. Ud, tar və kamança sədaları altında xarici və Azərbaycan dili daşıyıcıları tərəfindən səsləndirilən poeziya nümunələrinə yeni həyat verilib. Yeri gəlmişkən, bu dəfə audiokitablara komikslər də əlavə etmək qərarına gəldik. Konseptə uyğun olaraq Azərbaycan, rus və ingilis dillərində Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı” və “ Adil Nuşirəvan ilə vəzirin hekayəti” kimi əsərləri “Bookmate”-də təqdim edilib. Şairin digər əsərlərinin rəqəmsal formata köçürülməsi üzrə işləri və komikslər üzərində işi, həqiqətən də, davam etdirmək istəyirik. Yeni yanaşma, müşahidələrimə görə, gənc nəslin nümayəndələrində ötən əsrlərin şairlərinə  maraq yaratmaq kimi çətin işin üstəsindən asanlıqla gəlməyə imkan verdi.

Siz audiokitabların yaradılmasına xüsusi diqqət yetirirsiniz,  bunun səbəbi nədir?

Əslində məqsədimiz ümumilikdə Azərbaycan dilində məzmunu artırmaqdır – həm standart mətn formatında, həm də audio formatda. Audiokitablara gəlincə – onlar tam başqa dünya, başqa format, başqa emosiyalar və kitabla bağlı tamamilə başqa təəssüratlardır. Bir anda kitab oxuduqda aldığımız zövqə yeni emosiyalar əlavə olunur hansı ki, insan sadəcə kitabı oxuduqda onlardan məhrum olur. Məsələn, oxucunun səsi və intonasiyası, musiqi müşayiəti, dəniz dalğalarının və ya yağan yağışın səsi kimi istənilən effektlər kitabdan tam fərqli təəssürat yaradır. Çox şadam ki, belə bir ənənə yaratmışıq və hər il ədəbiyyatımızın populyarlaşması, onun ömrünün yeni rəqəmsal platformalarda uzadılması, zamanla ayaqlaşan müasir cəmiyyət üçün daha əlçatan olması istiqamətində yeni bir addım atırıq.

Yeri gəlmişkən, Nizami Gəncəviyə həsr olunmuş layihə  “Bookmate” ilə əməkdaşlığımız çərçivəsindən kənara çıxıb. “Azercell” klassikin yaradıcılığına həsr olunmuş əlifba dizaynı da hazırlayıb. Əlifbanın hərfləri onun “Xəmsə” əlyazmasına daxil olan şeirlərin qəhrəmanlarını, əsərlərinin tanınmış obrazlarını və şairin həyatında xüsusi rol oynamış insanları əks etdirir. Sosial şəbəkələrdəki hesablarımızda mütəmadi olaraq Nizaminin şeirlərindən parçalar və məşhur sitatlar dərc olunub, şairin yaradıcılığı ilə bağlı müsabiqələr keçirilib. Qeyd edilən  təşəbbüslər sosial şəbəkələrdə izləyicilərimiz tərəfindən böyük maraqla qarşılanıb.

“Azercell” mədəni irsimizi tanıtmağa çalışan ölkənin aparıcı biznes şirkətidir. Dövlət sizə dəstək verir bu istiqamətdə, yoxsa bu özəl sektorun qarşısına dövlət tərəfindən qoyulan bir öhdəlikdir?

Mən bilirəm ki, dövlət bu istiqamətdə yetərincə iri miqyaslı layihələr həyata keçirir və təşəbbüsü bizneslə dövlət arasında tərəfdaşlığın bir istiqaməti kimi qiymətləndirmək olar. “Azercell” qeyd edilən istiqamətdə fəal işləyir, sizin sualınıza cavab olaraq mən Con Kennedinin “Ölkənin sənin üçün nə etdiyini soruşma, ölkən üçün nə edə biləcəyini soruş” ifadəsini xatırlatmaq istərdim… Bütün təşəbbüslərin həyata keçirilməsini yalnız dövlətdən gözləməyi düzgün hesab etmirəm. “Azercell” işini çox yaxşı bilən, bazarda güclü rəqəmsal oyunçu və Azərbaycanda mobil rabitə sahəsində lider olan bir biznesə sahibdir. Tutduğumuz mövqelər ölkə üçün edə biləcəyimiz işlərə görə özümüzdə kifayət qədər məsuliyyət hiss etdiyimizdən irəli gəlir. Məhz ona görə də hazırda “Azercell”-də ən yaxşı bacardığımız işi görməyə çalışırıq və  böyük məmnuniyyətlə korporativ sosial məsuliyyət strategiyamızı da rəqəmsallıq və innovativ həllərin istifadəsi istiqamətində həyata keçiririk.  “Azercell” özü Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasına ədəbi irsimizin rəqəmsallaşdırılması məsələləri ilə bağlı müraciət edib və bu təşəbbüslərin cəmiyyətimiz tərəfindən təqdir və qəbul edildiyini gördükdə yalnız sevinə bilərik.

Hazırda birbaşa marketinq mesajları istifadəçilərdən reaksiya yaratmır. Beynəlxalq və yerli təcrübəyə malik olan, biznes sahəsindən bələd olan bir insan kimi, mən bazarda baş verən dəyişiklikləri müşahidə edirəm və vəziyyəti obyektiv qiymətləndirməyə çalışıram. Məsələn, seçim qarşısında qalsam üstünlüyü elə şirkətin təkliflərinə verərəm ki, o öz fəaliyyəti, mədəniyyəti və dəyərləri ilə cəmiyyətimizə xeyir versin. Eyni düsturla iş təklif edən şirkəti seçərəm. Müasir zəmanədə birbaşa marketinq şüarları artıq o qədər effektiv deyil, hətta bəzən qeyri-səmimi səslənir.

Korporativ sosial məsuliyyət təkcə marketinq naminə görülən işlər deyil – bu daha dərin bir anlayışdır.  Bu sahədə işlər gələcək üçün, şirkətə olan inam və etibarı artırmaq üçün görülür. Korporativ sosial məsuliyyət deyilən bir amili unutmamaq lazımdır və bir şirkət cəmiyyətdə fəaliyyət göstərirsə, o zaman cəmiyyət üçün xeyirli işlər görməlidir. “Azercell”  bu fəlsəfəyə inanır və biz cəmiyyət üçün həqiqətən dəyərli bir iş görməyə çalışırıq. Şirkətimizin fokuslandığı  rəqəmsal sahədə öz dilimizdə keyfiyyətli məzmunun yaradılması, kibertəhlükəsizlik üzrə təlimlərin keçirilməsi, rəqəmsal və telekommunikasiya layihəsinin gözəl nümunəsi olan Uşaq Qaynar Xətt xidmətinin dəstəklənməsi və bir sıra digər innovativ layihələrin həyata keçirilməsi təsadüfi deyil, bunlar seçdiyimiz strategiya və dəyərlərdən irəli gələn təşəbbüslərdir.  “Azercell” sahib olduğu texnoloji imkanlardan istifadə edərək uşaqlarımızın, cəmiyyətimizin, abunəçilərimizin həyat keyfiyyətini yaxşılaşdırmağa çalışır.

Siz internetin və texnologiyaların gələcək inkişafını necə görürsünüz? Sizcə 5G texnologiyası haqqında yayılan miflər nə dərəcədə həqiqətə uyğundur, bu texnologiya insanların sağlamlığına hər hansı bir zərər verə bilərmi?

İlk növbədə deməliyəm ki, hazırda Azərbaycanda 5G texnologiyası istifadə edilmir. Bundan başqa, qeyd edilən texnologiya ətrafında söz-söhbətlər o qədər uzun müddət müzakirə edilir ki, artıq aktuallığını itirib. 5G texnologiyası ətrafında yayılan şayiələrin indiyə qədər heç biri təsdiqlənməyib. Hazırda  yayılan məlumatlar və şaiyələr müəyyən dairələrin təbliğ etdiyi fərziyə səviyyəsində olaraq qalır. Qlobal şəbəkə, rəqəmsal transformasiya, internetin penetrasiyasını və onun əsasında çalışan xidmətlərin inkişafını saxlamaq mümkün deyil. Gələcəkdə iqtisadi inkişafa və irəliləyişə nail olmaq istəyiriksə, müasir texnologiyaların bizə təqdim etdiyi yeni imkanlardan istifadə etməliyik. Vaxtilə elektrik şəbəkələri, 3G və 4G texnologiyaları insanların həyatına yeni daxil olanda oxşar söz-söhbətlər yayılırdı, lakin buna baxmayaraq bu gün burdayıq, sağıq və sağlamıq. 2019-cu ildə “Azercell” Azərbaycanda 5G texnologiyasını ilk test edən şirkət olsa da, hazırda bu sahədə hələ ki, bazarı öyrənir, müvafiq infrasturktur qururuq. Nə zaman ki, bazar yeni texnologiyanın tətbiqinə hazır olacaq, o zaman  da onun istismara verilməsindən danışmaq mümkündür . “Azercell”-i İlk növbədə narahat edən məsələ abunəçilərinin sağlamlığı və rifahıdır, ona görə də biz ən son və uğurla sınaqdan keçirilmiş  ən keyfiyyətli texnoloji avadanlıqdan istifadə edir, “Ericsson” kimi dünya bazarında öz sözünü demiş aparıcı şirkətlə tərəfdaşlıq edirik. İstənilən texnologiyanı istismara verməzdən öncə şirkətimiz bütün avadanlığı mövcud olan ən ciddi testlərdən keçirir və yalnız hərtərəfli təhlükəsizlik normativlərinə riayət edən yeni xidmətləri son istifadəçiyə təqdim edir.

İnternetin gələcək inkişafına gəldikdə isə deməliyəm ki, istifadəçilərimizin həyat keyfiyyətini yaxşılaşdıran müxtəlif həllərin tətbiqi bizim üçün prioritetdir. Əşyaları və insanları bir birinə bağlayan internet hava və su kimi vacib faktora çevrilir. Telekommunuikasiya  sahəsinin dünya səviyyəli ekspertlərinin verdiyi proqnozlara əsasən gələcəkdə artıq operatorlar internet xidmətlərindən deyil, rəqəmsal servislərdən gəlir əldə edəcəklər. “Azercell” şirkəti öz rəqəmsal strategiyası və “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” şüarına əsaslanaraq ən müasir texnoloji xidmətlərin yerli bazarda tədbiqi üzərində işlər aparır və onları mümkün qədər tez bir zamanda istifadəçilərimizə təqdim etməyi planlaşdırır.

Aynur Vəliyeva

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma