Azərbaycanda “Smart” arı yeşikləri, LED lampalar üçün diod və mikrosxemlər istehsal ediləcək

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) “Smart” arı yeşiklərinin istehsalının təşkili” və “LED lampa üçün diod və mikrosxemlərin istehsalının təşkili” layihələrinin həyata keçirilməsi planlaşdırlır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, YT Park-ın Ekspertlər Şurasının onlayn iclasında çıxış edən “BEYT” MMC-nin icraçı direktoru Emil Əhmədov YT Parkda həyata keçirilməsi nəzərdə tutulan “Smart” arı yeşiklərinin istehsalının təşkili” və “LED lampa üçün diod və mikrosxemlərin istehsalının təşkili” layihələri haqqında məlumat verib. “BEYT” şirkəti texnoparkın rezidenti olmaq üçün artıq müraciət edib.

E.Əhmədov “Smart” arı yeşiklərinin istehsalının təşkili” layihəsini təqdim edərək son dövrlərdə dünyada bu sahəyə xüsusi yanaşmaların irəli sürüldüyünü, bal istehsalı və artımına nail olunması üçün arıçılıq təsərrüfatında texnoloji həllərə ehtiyacın artdığını qeyd edib.

E.Əhmədovun sözlərinə görə, arı yeşiklərində yerləşdirilən sensorlar məlumatları mobil telefona və ya birbaşa kompüterə ötürmək imkanına malikdir. Bildirib ki, bu proseslərə bulud sistemi vasitəsilə vahid mərkəzdən nəzarət etmək mümkün olacaq.

Şirkətin icraçı direktoru, həmçinin “LED lampa üçün diod və mikrosxemlərin istehsalının təşkili” layihəsindən bəhs edərək layihə çərçivəsində müasir texnologiyaların tətbiqi ilə LED lampa üçün işıq keçiriciliyinə malik diod və mikrosxemlərin istehsalının həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Əlavə edib ki, yüksək texnoloji sənaye məhsullarının istehsalında texniki parametrləri yüksək standartlara uyğun olan, eləcə də funksiya və fəaliyyətinə görə mürəkkəb konstruksiyalı avadanlıqlardan, maşın və mexanizmlərdən istifadə olunması səmərəli nəticələrin əldə edilməsində əsas şərtlərdən biridir. O, istehsal zamanı robot texnologiyalarının tətbiq olunacağını da vurğulayıb.

E.Əhmədov layihə çərçivəsində istehsal ediləcək yüksək keyfiyyətli məhsulların daxili bazara satışı, eləcə də Gürcüstan, Rusiya və MDB ölkələrinə ixracının nəzərdə tutulduğunu diqqətə çatdırıb. İcraçı direktor hazırda mikrosxemlərin ölkəmizə əsasən xaricdən idxal edildiyini bildirib.

O, bildirib ki, layihə çərçivəsində AMEA əməkdaşlarının qeyd olunan işlərə cəlb olunması, eləcə də “Rusiyanın Silikon Vadisi” hesab olunan Skolkovo İnnovasiya Mərkəzində təcrübə keçməsinə dəstək göstərilməsi planlaşdırılır.

İclas zamanı müzakirələrdə layihələrə ayrılan vəsait, istehsal olunacaq məhsulların xarici analoqlarından üstünlükləri, “smart” arı yeşiklərinin temperatura və təzyiqə nəzarət sistemi, diaqnostikası, enerji təminatı, istehsal zamanı istifadə edilən texnologiyalar və s. kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonra çıxış edən Ekspertlər Şurasının sədri, akademik Rasim Əliquliyev “BEYT” MMC-nin təqdim etdiyi layihələrin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, “smart” arı yeşiklərində kibertəhlükəsizlik texnologiyalarının tətbiqinin vacibliyini qeyd edərək bu yeşiklər üzrə toplanmış Big Data resurslarının intellektual emalı istiqamətində yaranacaq problemlərin həlli baxımından AMEA-nın müvafiq institutları ilə əməkdaşlıq əlaqələrinin qurulmasının önəminə toxunub.

Şura sədri “LED lampa üçün diod və mikrosxemlərin istehsalının təşkili” layihəsi üzrə istehsal ediləcək milli məhsulların həm iqtisadi, həm təhlükəsizlik, həm də etibarlılıq və keyfiyyətinə nəzarət edilməsi kimi mühüm amilləri diqqətə çatdırıb.

İclasda “BEYT” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib və səsvermənin nəticələrinə əsasən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

Leave a Reply