Gələn il Mərkəzi Bankın Rəqəmsal Valyutasının tətbiqi imkanları qiymətləndiriləcək

Azərbaycan Mərkəzi Bankı 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatını təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycanın Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd edilib ki, “Rəqəmsallaşma və müasir ödəniş sistemi infrastrukturundan istifadə səviyyəsinin yüksəldilməsi istiqamətində də işlər davam etdiriləcək.

Maliyyə sabitliyinin təmin olunması istiqamətində 2022-ci il üzrə əsas siyasət və islahatlar istiqaməti ilk növbədə bank sektorunun prudensial tənzimlənmə və nəzarət çərçivəsinin beynəlxalq standartlara (Bazel II, Bazel III) uyğunlaşdırılması prosesinin davam etdirilməsi olacaq. Banklarda idarəetmənin gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən korporativ idarəetmə potensialının inkişaf etdirilməsi, risklərin idarə edilməsi sistemlərinin gücləndirilməsi, insan resurslarının inkişaf etdirilməsi təşviq ediləcək.

Biznes subyektləri üçün bank kreditlərinə çıxışın asanlaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir. Ölkədə maliyyə inklüzivliyi və dərinliyinin artırılması məqsədilə təklif amillərinin təşviq olunması, o cümlədən kreditorların hüquqlarının müdafiəsi sisteminin effektivliyinin artırılması, uzunmüddətli maliyyələşmə mənbələrinin təmin edilməsi, risklərin ötürülməsi və bölüşdürülməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir. Tələbin təşviq olunması ilə kreditlərə sağlam tələbin artırılması üçün ilk növbədə qeyri-formal iqtisadiyyatdan çıxış və şəffaflaşmanın sürətləndirilməsi, biznes subyektlərində korporativ idarəetmənin yaxşılaşdırılması, müstəqil mühasibatlıq və audit institutlarının inkişaf etdirilməsi kimi şərtlərin reallaşdırılması tələb olunur.

Agent bankçılığın inkişaf etdirilməsi də ölkədə maliyyə xidmətlərinə çıxışın artırılmasına və maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verəcəkdir. Alternativ maliyyələşmənin inkişafı üçün hüquqi və tənzimləmə çərçivəsinin formalaşdırılması işləri davam etdiriləcək.

Sığorta sektorunda tənzimləmə və nəzarət çərçivəsinin beynəlxalq prinsiplərə və qabaqcıl standartlara uyğunlaşdırılması çərçivəsində Solvency 2 standartlarına mərhələli keçid strategiyasının icrası davam etdiriləcəkdir. Sığorta sektorunda insan resurslarının və idarəetmə potensialının inkişafı, qabaqcıl beynəlxalq təcrübələrə uyğun istehlakçıların müdafiəsi çərçivəsinin formalaşdırılması, sektorun bazar infrastrukturunun inkişafı, sığorta sektorunun rəqəmsallaşdırılması və müxtəlif çeşidli rəqəmsal xidmətlərin formalaşdırılması üzrə tədbirlər həyata keçiriləcək.

Bununla belə, sığorta savadlığının artırılması məqsədilə maarifləndirmə və təbliğat tədbirləri daha geniş və intensiv miqyasda davam etdiriləcək.

Kapital bazarının fəaliyyətinin hüquqi çərçivəsi və əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, habelə ekosistemdə mövcud olan və kapital bazarından effektiv maliyyələşməni məhdudlaşdıran maneələrin aradan qaldırılması istiqamətində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq davam etdiriləcək. İnvestisiya şirkətlərində nəzarət çərçivəsinin və korporativ idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin icrası nəzərdə tutulur. Kapital bazarında maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üzrə investisiya fondlarının fəaliyyətinin təşviq edilməsi və bankların kapital bazarında birbaşa iştirak imkanlarının yaradılması üzrə işlər davam etdiriləcək. Kapital bazarı infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mərkəzləşdirilmiş ticarət və depozitar sisteminin qurulması və qiymətli kağızların emissiyası prosesinin elektronlaşdırılması nəzərdə tutulur. Kiçik və Orta Biznes (KOB) subyektlərinin kapital bazarından maliyyələşməsinin təşviqi məqsədilə onlar tərəfindən emissiya edilən korporativ istiqrazlara zəmanət və subsidiyanın verilməsi mexanizminin yaradılması üzrə tədbirlər görüləcək. Mərkəzi Bankın IOSCO (Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı) təşkilatına imtiyazlı üzvlüyünün təmin edilməsi, xarici investorların kapital bazarına çıxış imkanlarının artırılması məqsədilə qlobal kastodianlarla əlaqələrin qurulması, törəmə maliyyə alətləri üzrə tənzimləyici çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə şirkətlərlə və əhali ilə maarifləndirici tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

Milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsi 2022-ci ildə də mühüm prioritetlərdən biri olacaq. Maliyyə infrastrukturunda qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin və səmərəliliyinin artırılması, o cümlədən ISO20022 beynəlxalq standartının tam tətbiqi nəzərdə tutulur. İnnovativ nağdsız ödənişlərin inkişaf etdirilməsi üçün beynəlxalq standartların tətbiqi çərçivəsində açıq bankçılıq modeli üzrə API standartlarının tətbiq olunması planlaşdırılır. Ödəniş infrastrukturunda kiber təhlükəsizlik səviyyəsinin gücləndirilməsi də diqqətdə saxlanılacaq.

Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin formalaşdırılması, rəqəmsal ekosistemin inkişaf etdirilməsi, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə institusional mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək. Sözügedən tədbirlər çərçivəsində şəhər və rayonlarda ictimai nəqliyyatda gediş haqlarının innovativ ödəniş alətləri (bank kartları və mobil bankçılıq həlləri) vasitəsilə qəbulu imkanlarının genişləndirilməsi, təsərrüfat subyektlərində POS-terminalların əhatə dairəsinin genişləndirilməsi, POS-terminalların quraşdırılması mümkün olmayan yerlərdə QR kod ödəniş həllərinin qəbulu imkanlarının yaradılması kimi layihələr yer almaqdadır. Həmçinin rəqəmsal ödənişlər üzrə maliyyə savadlılığının artırılması, biznes və əhalinin rəqəmsal ödəniş xidmətlərindən aktiv istifadəyə təşviq edilməsi və bu istiqamətdə insan resursları potensialının gücləndirilməsi tədbirləri də davam etdiriləcəkdir”, deyə Bəyanatda qeyd olunub

Həmçinin bildirilib ki, sürətli ödənişlər sisteminin gələcək inkişafının pul siyasəti və maliyyə vasitəçiliyi üçün əhəmiyyətini nəzərə alaraq Mərkəzi Bankın Rəqəmsal Valyutasının (MBRV) ortamüddətli dövrdə tətbiqi imkanlarının qiymətləndirilməsi bir neçə istiqamətdə davam etdiriləcək:

I. rəqəmsal valyutanın tətbiqi üzrə siyasət, məqsəd və hədəfin dəqiqləşdirilməsi; II. maraqlı tərəflərin prosesə cəlb olunması; III. qanunvericilik bazasının formalaşdırılması; IV. yeni nəsil texnologiyadan istifadə potensialı; V. bazarın hazırlıq səviyyəsi. MBRV ilə bağlı konseptual sənədlər açıq və ətraflı kommunikasiya ediləcək.

2022-ci ildə monetar siyasət milli iqtisadiyyatda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, ilk növbədə inflyasiyanın hədəf çərçivəsinə yaxınlaşmasına, maliyyə sektorunun iqtisadi inkişafda rolunun fəallaşmasına və bu məqsədlə monetar sferada və maliyyə sektorunda islahatların aparılmasına yönəldiləcək. Qarşıya qoyulan hədəflərin realizasiyası əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaq”.

Leave a Reply